Sumqayıt şəhərində əvvəllər məhkum olunmuş şəxsin yaşadığı evdə üç kiloqramdan çox marixuana aşkarlanıb
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Xudaverdiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 55 qram marixuana, 46 qramdan çox tiryək, iki ədəd metadon həbi, həmçinin qanunsuz saxladığı bir ədəd ov tüfəngi və qundağı, lüləsi kəsilmiş daha bir tüfəng, iki ədəd bıçaq və bir ədəd qaz balonu aşkarlanaraq götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məlikrzayev, A.Quliyev, H.Zahirov və Ə.Abbasov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan və R.Məlikrzayevin yaşadığı evdə heroin və metamfetamin aşkarlanıb.

Xəbərin mətnində orfoqrafik səhv var