REGİONLAR
Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sumqayıt, 15 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdə ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Şəhər Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin 1-ci Polis Bölməsi əməkdaşlarının şəhərin 13-cü mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində binalardan birinin liftinin əyləc dolaqlarını, 1 mağazadan plastik qapı, 4 evdən isə təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov saxlanılıb.
3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində 8 evdən pul və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev, 1 marketdən və 1 avtomobildən məişət əşyası, 5 evin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Akif Musayev, daha 5 evin girişindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıblar.
Faktla bağlı Polis İdarəsində araşdırmalar aparılır.