Sumqayıt şəhərində yaşayış binasının dam örtüyündə qumbara tapılıb
AzerTAg.az
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da saat 11:10-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki 10 saylı yaşayış binasının dam örtüyündə təmir işləri aparılarkən əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və şəhər baş polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası və UZRQM partladıcı aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın və partladıcının tapıldığı yerin ətrafına baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




Xəbərin mətnində orfoqrafik səhv var