REGİONLAR
Sumqayıt teatrı 8 nominasiya üzrə mükafatları təqdim edib
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təşəbbüsü ilə son vaxtlar həm tamaşaçı ilə yeni ünsiyyət formasının güclənməsinə, həm də yaradıcı heyətə stimul verilməsinə xidmət edən bir çox kreativ layihələr gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, mövsümün bağlanışından sonra teatrda ilk dəfə olaraq mükafatlandırma mərasimi keçirilib. Belə ki, teatrın yaradıcı və texniki heyətini əhatə edən müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Qaliblərin seçimi münsiflər heyəti tərəfindən səsvermə yolu ilə həyata keçirilib.
Mükafatlandırma mərasimində qaliblərə diplomlar təqdim olunub. "Ən yaxşı tamaşa", "Mövsümün ən xarakterik obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən perspektivli aktyoru", "Ən yaxşı texniki işçi", "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları təqdim olunub.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov nominasiyalar üzrə qalibləri təbrik edərək kollektivin uğurlarından danışıb.
Tədbirə istedadlı aktyorların improvizələri rəngarənglik qatıb. Tədbir rejissor, Əməkdar artist Namis Şirməmmədovun quruluşunda ərsəyə gəlib.