REGİONLAR


Sumqayıt teatrı “Cəfər Cabbarlı həftəsi”nə "Solğun çiçəklər"lə qatılacaq

Sumqayıt, 20 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı son illər öz zəngin repertuarı ilə diqqət çəkir.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov AZƏRTAC–a bildirib ki, teatr-tamaşaçı münasibətlərinin yaxşılaşması üçün həyata keçirilən yaradıcı layihələr bəhrəsini verməkdədir. İndi Sumqayıt tamaşaçısı nəfis şəkildə tərtib olunaraq teatrın qarşısında qoyulmuş afişalardan, həmçinin ictimai nəqliyyat vasitələrində mütəmadi nümayiş etdirilən reklam çarxlarından aylıq, həftəlik repertuar haqqında məlumatlı ala bilir.

“Son vaxtlar yaradıcı heyətin məsuliyyəti daha da artıb”, - deyən M.Həmidov Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə bağlı silsilə tədbirlərdə kollektivin də böyük həvəslə iştirak etdiyini vurğulayıb.

Teatrın direktoru yaradılan şəraitdən, əldə olunan uğurlardan danışaraq bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə Cəfər Cabbarlının yubileyinin qeyd edilməsi bütün sənət ocaqlarında ədibin yaradıcılığına müraciəti aktuallaşdırıb. Azərbaycan teatrlarının repertuarında görkəmli dramaturqun əsərləri yer alır. Həmçinin il boyunca Cəfər Cabbarlı yaradıcılığına müxtəlif baxış bucaqlarını əks etdirən mədəni kütləvi tədbirlər hazırlanıb.

O deyib: “Noyabrın 22-dən isə respublikada "Cəfər Cabbarlı həftəsi " çərçivəsində teatr festivalı başlayır. Həftə ərzində Bakı teatrlarında tamaşalar təqdim olunacaq. Sumqayıt Dövlət Dram Teatrı da “Cəfər Cabbarlı həftəsi”nə öz töhfəsini verəcək. Belə ki, noyabrın 26-da paytaxt sakinləri Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının səhnəsində "Solğun çiçəklər"ə baxacaqlar. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallıdır. Rollarda Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlqar İbrahimov, Şəhla Məmmədova, İlahə Səfərova, Dağlar Rüstəmov oynayırlar. İnanırıq ki, tamaşamız hər kəsə bədii-estetik zövq bəxş edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.