REGİONLAR
Sumqayıt universitetində “Biologiyanın müasir problemləri” mövzusunda respublika elmi konfransı işə başlayıb
Sumqayıt, 23 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) “Biologiyanın müasir problemləri” mövzusunda respublika elmi konfransı işə başlayıb. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev və ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak edirlər. Konfransa 146 tezis təqdim edilib və materiallar toplusu şəkilində çap olunub.
AZƏRTAC xəbər verir ki, SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov elmi konfransın iştirakçılarını salamlayaraq, Azərbaycan elminə böyük töhfə verəcək konfransın işinə uğurlar diləyib.
Prorektor ölkəmizdə biologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu elmin yeni inkişaf istiqamətlərindən bəhs edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Azərbaycan biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələrinin fundamental əsası məhz keçən əsrin 70-ci illərində qoyulub.
Ramazan Məmmədov onu da qeyd edib ki, ölkəmizdə biologiya elminin formalaşmasında SDU-nun kimya və biologiya fakültəsinin də böyük əməyi var. Çünki burada biologiya sahəsi üzrə təhsil alan tələbələrlə təcrübəli alimlər məşğul olur, tanınmış alimlər mütəmadi olaraq tələbələrlə görüşür, elmi fikir mübadiləsi aparır və konfranslar təşkil edilir. Bu gün ölkəmizdə elmi potensialın formalaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu layihələr gerçəkləşir, gənclərin nurlu gələcəyinə yeni üfüqlər açılır.
Konfransda AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev “Azərbaycanda uzunömürlülük fenomeni: demoqrafik və tibbi-bioloji aspektləri”, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Azərbaycanın mikobiotası: müasir vəziyyəti və problemləri”, SDU-nun biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Arzu Baxşəliyev “Bitki tullantılarının utilizasiyasında mikroorqanizmlərin rolu” mövzularında məruzə ilə çıxış edib, Azərbaycan elminin nailiyyətlərinin təbliğində bu cür konfransların əhəmiyyətindən danışıblar.
Sonra konfrans işini “İnsan və heyvan fiziologiyası. Bitki fiziologiyası”, “Biokimya, Biofizika. Molekulyar biologiya. Genetika”, “Zoologiya. Ekologiya. Torpaqşünaslıq”, “Botanika. Mikrobiologiya. Mikologiya”, “Biologiyanın tədrisi metodikası” mövzusunda bölmə iclasları ilə davam etdirib.
Konfrans işini oktyabrın 24-də başa çatdıracaq.