REGİONLAR


Sumqayıt universitetində valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

Sumqayıt, 20 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan tələbələrin valideynlərinin bir qrupu 2017-2018-ci tədris ilinin yaz sessiyasının imtahan prosesini növbəti dəfə izləyiblər.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, sessiyanın ilk günündən imtahan prosesi İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə mütəmadi izlənilir. Məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. Ali məktəbdə imtahanların şəffaflığının qorunması, tələbələrin biliklərini sərbəst nümayiş etdirmələri məqsədilə hər cür şəraitin yaradıldığın qeyd edən prorektor onu da diqqətə çatdırıb ki, SDU-nun rektorunun müvafiq əmri ilə sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədilə imtahan qərargahı və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb, tədris binalarında müraciət və təkliflər üçün qutular asılıb.

Qeyd edilib ki, imtahanlar, bir qayda olaraq, yazılı aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları yoxlanma qərargahında kodlaşdırılaraq müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda 17-dən yuxarı bal toplayan və müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, onlardan şifahi imtahan götürülür və qiymətləri artırılır. Cavab qaneedici olmasa əvvəlki qiymət saxlanılır.

R.Hüseynov və fakültə dekanlarının iştirakı ilə valideynlər imtahanların gedişini izləmək üçün ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan auditoriyalarında, qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində olublar. İmtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılan sağlam təhsil mühitindən razı olduqlarını bildiriblər. Qonaqlar universitetdə yaradılmış şəraitlə, müasir avadanlıqla təchiz edilmiş laboratoriya və zəngin elektron kitabxana ilə tanış olublar.

Sonra universitetin rektoru, professor Elxan Hüseynov valideynlərlə görüşüb, onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Qeyd edilib ki, imtahanlara hazırlıq üçün universitetdə hər cür şərait yaradılıb. Valideynlərin təkliflərini dinləyən rektor onları maraqlandıran sualları cavablandırıb.

Rektor, həmçinin SDU-da elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan uğurlu layihələrdən və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən söz açıb.

Valideynlər SDU-da keyfiyyətli təhsil üçün yaradılmış şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.