REGİONLAR
Sumqayıt universitetinin kollektivi “Qan ver, yaşat" aksiyasına qoşulub
Sumqayıt, 12 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 12-də Sumqayıt Dövlət Universitetində (SDU) “Qan ver, yaşat" devizi altında təşkil olunan qanvermə aksiyasına 500-dən çox müəllim, tələbə və könüllü qatılıb. Aksiya Sumqayıt şəhərinin 70 və Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqədar keçirilib.
AZƏRTAC xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin artıq ənənəvi olaraq keçirdiyi aksiya həmişəki kimi, hemofiliyalı və talassemiyalı xəstələrə yardım etmək məqsədi daşıyır.
SDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov aksiyanın açılış mərasimində bildirib ki, talassemiya və hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicəsində qanköçürmə prosesi mühüm rol oynayır. Hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün universitetdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir və xeyriyyəçilik fəaliyyəti gələcəkdə də davam etdiriləcək.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova humanitar aksiyanın məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Sumqayıt universiteti də belə xeyirxah təşəbbüslərə dəstək olaraq qanvermə aksiyasına qoşulur. O, belə xeyirxah, humanist aksiyanın keçirilməsinə şərait yaradıldığına görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra ali məktəbin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçiləri, o cümlədən könüllüləri qana ehtiyacı olan insanlara kömək etmək üçün bu nəcib aksiyada fəal iştirak ediblər.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, daha sonra isə qan verilib.
Yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq, talassemiya və hemofiliyadan əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək.