REGİONLAR
Sumqayıt universitetinin tələbələri “Evdə qal” aksiyasında fəal iştirak edirlər
Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində (SDU) tədris prosesi onlayn və oflayn formada təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədris olunan fənlərin xüsusiyyətindən asılı olaraq dərslərin bir hissəsi WhatsApp qrupları ilə keçirilir. Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrupa daxil olan tələbələrin iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır.
Universitetdə daha çox istifadə olunan sistemlərdən biri tələbələrin dərslərinin onlayn qaydada təşkilinə hədəflənən, SDU-nun da tərəfdaşı olduğu Erasmus+ layihəsi çərçivəsində hazırlanmış “Moodle” sistemidir. Müəllim və tələbələr sistemdən istifadə etmək üçün yaradılmış moodle.sdu.edu.az saytında qeydiyyatdan keçirlər. Müəllimlər dərsin mənimsənilməsi üçün tələb olunan materialları sayta yerləşdirirlər, tələbələr isə istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşırlar.
Universitetdə, həmçinin dərslərin təşkili üçün “Zoom meeting online” və “Trueconf online” sistemlərindən də istifadə edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Microsoft şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadə məsləhət görülüb. Bunu nəzərə alaraq, Sumqayıt Dövlət Universitetinin tələbələri “Microsoft Teams” onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən onlayn dərslərdə iştirak edirlər.
Eyni zamanda, tələbələr dərsləri ilə yanaşı, asudə vaxtlarını da səmərəli keçirirlər. Tələbə Gənclər Təşkilatı, Tələbə Gənclər Klubu “Evdə qal” aksiyasına könüllü dəstək olur, onlayn formada görüşlər təşkil edirlər.