REGİONLAR


Sumqayıt və Xızıda 50-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar verilib

Sumqayıt, 28 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 28-də Sumqayıt və Xızıda 50-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar verilib. Proqram çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının icrası Sumqayıt şəhərində və Xızı rayonunda da uğurla davam etdirilir.

Cari ildə Sumqayıt şəhəri və Xızı rayonu üzrə 231 işsiz və iş axtaran şəxs proqrama cəlb olunub. Onların bir hissəsi əlilliyi olanlar, eləcə də aztəminatlı, çoxuşaqlı, məcburi köçkün və şəhid ailələrinin, həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və digər həssas qruplara aid şəxslərdir. Bu qruplardan olan 50-dək şəxsə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam edir.

Proqram çərçivəsində yaradılan yeni təsərrüfatların bir hissəsi istehsal və xidmət sahələrini əhatə edir. Belə ki, özünüməşğulluq proqramı iştirakçılarından bir neçəsi verilmiş mal və materiallar hesabına un məmulatları, şirniyyat istehsalı sexləri, avtoyuma məntəqəsi və sair yaradıblar. Eyni zamanda, proqram çərçivəsində heyvandarlıq sahəsi üzrə də bir çox təsərrüfat formalaşdırılıb.

Kiçik ailə təsərrüfatlarına sahib olmuş insanlar ölkə vətəndaşlarının məşğulluq imkanlarının artırılmasına, aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaradılmasına, bu istiqamətdə mühüm tədbir kimi özünüməşğulluq proqramının icrasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar proqramın yaratdığı bu imkanlardan məqsədyönlü şəkildə istifadə edərək, öz təsərrüfatlarını inkişaf etdirməyə səy göstərəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.