REGİONLAR


Sumqayıt və Qubadlı məktəbliləri Uşaqların V Ümumrespublika Forumunun seçim turunda iştirak ediblər

Sumqayıt, 15 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sentyabrın 15-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu çərçivəsində Sumqayıt və Qubadlı rayonu üzrə seçim turu keçirib.

AZƏRTAC xəbər verir ki, Komitənin təşkilatçılığı ilə reallaşan V Forumun növbəti seçim turunda Sumqayıt şəhərindən və Qubadlı rayonundan 15-17 yaş arasında olan, sosial fəallığı ilə seçilən ümumilikdə 40 uşaq iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və şöbənin əməkdaşı Nurlana Qaraxanova iştirakçılara forum haqqında ətraflı məlumat verib, videoçarx nümayiş olunub.

Seçim mərhələsində iştirakçıların intellektual səviyyəsi, dünya görüşü, nitq qabiliyyəti, məntiqi düşüncə tərzi, fikirlərini sərbəst və əsaslı şəkildə ifadə etmə bacarığı nəzərdən keçirilib, fikir mübadiləsi aparılıb.

Ümumrespublika forumları uşaqların ictimai fəallığının stimullaşması, iştirak hüququnun təmin edilməsi və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Uşaqlar və onların valideynləri forumların keçirilməsi təşəbbüsünü müsbət qiymətləndirərək, gənc nəslin hərtərəfli inkişafına, vətənpərvər şəxsiyyət kimi formalaşmasına hədəflənən nəticələrə inam ifadə ediblər.

Qeyd edək ki, noyabrın 20-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Uşaqların V Ümumrespublika Forumunda ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı təmin olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.