İQTİSADİYYAT
Sumqayıt yolunun təmirlə əlaqədar bağlı olan hissəsində hərəkət bərpa edilib
Bakı, 28 aprel, AZƏRTAC
Vətəndaşların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.
“Azəravtoyol” ASC-dən AZƏRTAC-a bildiriblər ki, təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 kilometrlik hissədə aparılıb. Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb. Bundan başqa səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sistem də inşa edilib.
Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton tökülüb.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında yüksək keyfiyyətlə aparılıb.