CƏMİYYƏT
Sumqayıtda 10-dan çox evdən oğurluqlar edən üç cinayətkar dəstə saxlanılıb VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edənlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar.
Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Bölmə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim olunublar. Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhərinin Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.
Aşkarlanan faktlarla bağlı toplanan materiallar şəhər polis idarəsinin istintaq şöbəsinə göndərilib.
Həmin şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.