REGİONLAR
Sumqayıtda 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib
Sumqayıt, 8 may, Ətrabə Rzayeva, AZƏRTAC
Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Sumqayıtda böyük nailiyyətlər qazanılıb, əlamətdar hadisələr baş verib. Prezident İlham Əliyevin bu il şəhərə iki dəfə səfər etməsi və ölkə miqyasında çox mühüm əhəmiyyətə malik müəssisələrin açılışında iştirakı, eyni zamanda, Sumqayıt bulvarında şəhər sakinləri ilə səmimi görüşüb söhbət etməsi hər bir sumqayıtlının xatirəsində dərin iz buraxıb.
Noyabrın 22-də Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam olur. Yubileyin ölkədə geniş şəkildə qeyd edilməsi barədə dövlət başçısının imzaladığı Sərəncam Sumqayıtın ölkənin dinamik sosial-iqtisadi yüksəlişində xüsusi yer tutduğunu bir daha təsdiq edir və şəhər sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.
Şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilir, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri, tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə və investisiya qoyuluşu 3,5 dəfə artıb. Başqa sözlə, 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib, 4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub, şəhərin inkişafına və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon ABŞ dolları investisiya yatırılıb. Bu dövrdə 32 min 819 yeni iş yeri, 2 min 955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.