REGİONLAR
Sumqayıtda “Atalar Məktəbi” layihəsi çərçivəsində infosessiya keçirilib
Sumqayıt, 27 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Atalar məktəbi - məsuliyyətli atalığa doğru” layihəsi çərçivəsində Sumqayıt şəhərində infosessiyalar təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd vətəndaşları layihə barədə məlumatlandırmaq və layihəyə qarşı marağı artırmaqdır.
AZƏRTAC xəbər verir ki, layihə ümumilikdə beş ay davam edəcək və ata olmağa hazırlaşan şəxsləri, gənc ataları hədəfləyərək onları övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud oturuşmuş davranış normaları və gender əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə vermək məqsədi daşıyır.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondunun (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gender Hub Azerbaijan” sosial platforması və "Azərbaycan Maarifçilər Assosiasiyası” tərəfindən icra olunur.