İDMAN


Sumqayıtda Azərbaycan Taekvondo Federasiyasının dünya taekvondo qlobal üzvlük sisteminə qoşulması ilə bağlı təqdimat keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC 

Azərbaycan Taekvondo Federasiyası (ATF) dünya taekvondo qlobal üzvlük sisteminə (GMS) qoşulub. Bu sistemin daha yaxşı qavranılması, eləcə də federasiya klublarının prosesə daha fəal qoşulması üçün Sumqayıtda ilk təqdimat xarakterli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan təqdimatda ATF-nin beynəlxalq əlaqələr komitəsinin sədri, texniki-təchizat şöbəsinin rəhbəri Eldar Hənifəyev, məsul katib Zaur Hüseynov, həmçinin idmançılar və onların valideynləri iştirak ediblər.

Sistemin Azərbaycan üzrə ələqələndiricisi Cəlal Səfərov iştirakçılara həmin sistemin mahiyyətindən və onun ümumilikdə taekvondo idman növünə faydasından danışıb. Bildirib ki, Azərbaycan Taekvondo Federasiyası Dünya Taekvondo Federasiyasının bir hissəsi olduğundan milli federasiyanın bu sistemə qoşulması zəruridir.

Məktəbin taekvondo bölməsinin baş məşqçisi, ATF-nin 21 yaşadək qadınlardan ibarət yığma komandasının baş məşqçisi Rəşad Məmmədov, həmin sistemə qoşulmanın Dünya Taekvondo Federasiyasının yerli federasiya qarşısında qoyduğu öhdəlik olduğunu diqqətə çatdırıb.

Məktəbin taekvondo bölməsinin məşqçisi Elşad Qüdrətli qurulmaqda olan sistemin üçtərəfli bir iş olduğunu qeyd edib. O, buradan həm məşqçilərin, həm idmançıların, həm də valideynlərin faydalanacağını bildirib.

Tədbirdə iştirak edən valideynlər belə bir sistemin yararlı olduğunu qeyd edərək idmançıların məlumat bazasının və şəxsi profillərinin yaradılmasını üstünlük kimi vurğulayıblar.

Təqdimat zamanı valideynlər suallar verib, təkliflər səsləndiriblər. Qeyd edilib ki, bununla həm məşqçi, həm valideyn və digər şəxslər gələcəkdə idmançının bütün nəticələrini müşahidə edəcək, onun fəaliyyətini izləmiş olacaqlar.

Sumqayıtda keçirilən ilk təqdimat xarakterli görüş məşqçilər, idmançılar və onların valideynləri tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.