REGİONLAR
Sumqayıtda “Azərbaycan – dünyam mənim” adlı şeir ifaçılarının müsabiqəsi keçirilib
Sumqayıt, 15 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Xalq şairi Məmməd Arazın 85 illik yubileyi ərəfəsində “Azərbaycan – dünyam mənim” adlı şeir ifaçılarının müsabiqəsi təşkil olunub. Müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə orta məktəb şagirdləri arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı, kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi-publisist, Xalq şairi Məmməd Arazın həyat və yaradıcılığından bəhs edərək, onun Azərbaycan poeziyasının inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.
Daha sonra müsabiqə açıq elan olunub. Şəhərin 12, 18, 31 və 38 saylı tam orta məktəblərinin şagirdləri və kitabxananın ən fəal oxucuları müsabiqədə iştirak ediblər. Müsabiqədəki çıxışlar münsiflər heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt şəhər Gənclər Kitabxanasının müdiri Sona Eminova, Sumqayıt şəhər Mərkəzi Kitabxanasının baş metodisti Natəvan Axundova tərəfindən qiymətləndirilib.
Qiraət müsabiqəsində ən yüksək balla 38 nömrəli məktəbin 4-cü sinif şagirdi Əminə Bağırova “Vətən desin” şeiri ilə birinci yerə layiq görülüb.
Qaliblərə müsabiqə təşkilatçılarının fəxri fərmanı və hədiyyələri təqdim edilib.