CƏMİYYƏT
Sumqayıtda Azərbaycanın dövlət-din modelinin əsas istiqamətlərindən danışılıb
Bakı, 26 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans dekabrın 26-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı panel iclasla öz işini davam etdirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov bildirib ki, ölkəmizdə dövlət quruculuğu prosesləri, dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması, iqtisadiyyatın inkişafının dönməz xarakter alması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F.Kazımov, eyni zamanda, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini vurğulayıb.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib ki, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın nadir daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Sədr müavini multikultural və tolerant dəyərlərin Azərbaycanın mənəvi sərvəti olduğunu, hazırda ölkəmizin dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrildiyini qeyd edib.
G.İsmayılov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.