REGİONLAR
Sumqayıtda “BAX!ş” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıt, 22 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkında "BAX!ş" adlı layihədə qalib gələn rəssamların açıq havada mükafatlandırma mərasimi keçirilib. Layihə “Xeberle.com" informasiya portalının təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində keçirilən sərgidə 18 şəhər rəssamının əsərləri nümayiş olunub. Sərgiyə təqdim olunan əsərlərdə rəssamlar dini radikalizmin törətdiyi fəsadları təsvir ediblər.
Rəsm Qalereyasının direktoru Ellada Həsənova layihənin şəhər rəssamları tərəfindən maraqla qarşılandığını və bu kimi təşəbbüslərin davamlı olacağına əminliyini vurğulayıb.
"Xeberle.com” saytının baş redaktoru Ramil Zeynallı isə layihənin məqsədinin rəsmlərin dili ilə cəmiyyətə müəyyən problemləri çatdırmaq, mövcud situasiya ilə bağlı insanlarda fikir formalaşdırmaq olduğunu deyib.
Qeyd edilib ki, layihənin nəticəsi olaraq sosial şəbəkə istifadəçiləri arasında onlayn sorğu keçirilib və ən çox səs toplamış 3 əsər qalib seçilib.
Tədbirdə qalib gələn rəssamlar mükafatlandırılıb. Daha 3 rəsm əsərinin müəllifinə isə həvəsləndirici mükafat təqdim olunub.