REGİONLAR
Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” mövzusunda rəsm sərgisi açılıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm sərgi və müsabiqəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, 18 oktyabr - Müstəqillik Gününə həsr edilən sərgi və müsabiqənin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi, onlarla işin effektiv və ünvanlı qurulmasıdır.
Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aprel döyüşlərində Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrinin cəbhə xətindəki təxribatlarının qarşısını layiqincə alaraq, düşmənə sarsıdıcı zərbə vurmasının və mühüm strateji yüksəklikləri ələ keçirməsinin Silahlı Qüvvələrimizin növbəti şanlı qələbəsi olduğunu deyib. Vurğulanıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olması, dövlətimizin başçısının Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncam imzalaması xalqımızda Azərbaycanın ərazi bütövlüyünün çox yaxın zamanda bərpa ediləcəyinə qəti əminlik hissi yaradıb.
Azərbaycanın müstəqilliyin ilk illərində çətin sınaqlarla üzləşdiyini vurğulayan C.Hüseynov diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin vətən sevgisi, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı sayəsində ölkəmiz bu bəlalardan qurtularaq dinamik inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.
Müsabiqənin iştirakçılarına Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilib.