REGİONLAR
Sumqayıtda “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” mövzusunda Beynəlxalq elmi konfrans işə başlayıb
Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” mövzusunda VIII ənənəvi Beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Sənaye ili” çərçivəsində keçirilən konfrans universitetin, “Azərikimya” İstehsalat Birliyinin və AMEA-nın Polimer Materialları İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov konfransı açaraq, iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter alıb. Ümummilli Liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilib, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilib, geniş yaşıllaşdırma tədbirləri aparılıb. Bu silsilə tədbirlərin davamı olaraq 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Ekologiya ili” elan edilib. “Ekologiya ili” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilib, əhali arasında maarifləndirmə işləri gücləndirilib.
Konfransın plenar iclasında “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov geniş məruzələrlə çıxış ediblər.
Məruzələrdə son illərdə Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr və bu sahədə dövlətimizin başçısı tərəfindən qəbul edilmiş qərarlardan geniş söhbət açılıb. Həmçinin müasir texnologiyalar əsasında yeni sənaye parklarının yaradılması, çirklənmiş torpaqların reabilitasiyası, eyni zamanda, enerjidaşıyıcılardan qənaətlə istifadə olunması və alternativ enerji mənbələrinin yaradılması məsələləri geniş müzakirə edilib.
Sonra konfrans öz işini “Ekoloji problemlərin həllində yeni üsul və texnologiyalar”, “Ətraf mühit, sağlamlıq, ekoloji maarifləndirmə, sənaye tullantılarının zərərsizləşdirilməsi”, “Ətraf mühitdə baş verən fiziki, kimyəvi, bioloji proseslər və onların canlı aləmə təsiri” və “Qloballaşma şəraitində fövqəladə halların ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsi” bölmələri üzrə davam etdirib.
Üç gün davam edəcək konfransa bölmə rəhbərlərinin hesabatı, ümumi müzakirələr, təkliflər və müvafiq qərarların qəbul edilməsi ilə yekun vurulacaqdır.