REGİONLAR
Sumqayıtda “Gender əsaslı zorakılığa yox deyək” adlı konfrans keçirilib
Sumqayıt, 23 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin konfrans zalında “Gender əsaslı zorakılığa yox deyək” adlı konfrans keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, konfransda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları iştirak ediblər.
Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva məişət zorakılığının qarşısının alınması ilə bağlı Sumqayıtdakı mövcud vəziyyət barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanlar yaradılıb. Həmçinin sosial həyatın bütün sahələrində qadınların fəal iştirakı üçün mühüm işlər görülüb. Qeyd olunub ki, zorakılığın qarşısının alınmasında əhalinin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bəzən qadınların öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmaması məişət zorakılığına və qadın hüquqlarının pozulmasına səbəb olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sədaqət Qəhrəmanova bildirib ki, hazırda bütün icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanların müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadın hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox iş görülməlidir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.