Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Sumqayıtda Heydər Əliyev Mərkəzinin yeni binasında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş [YENİLƏNİB] VİDEO

Sumqayıt, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Məlumat verildi ki, Heydər Əliyev parkında inşa olunan Mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyətin nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar da böyük maraq doğurur. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompyuter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Sumqayıtdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Əziz sumqayıtlılar, əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Mən yenidən Sumqayıtda olmağımdan çox məmnunam. Əvvəlki illərdə dəfələrlə Sumqayıtda olmuşam. Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Biz bu gün Sumqayıtda bir çox gözəl obyektlərin açılışını qeyd edirik. Onların arasında əlbəttə ki, öz əzəməti, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzidir. Bu Mərkəz həm memarlıq, həm də funksionallığı baxımından çox gözəl abidədir, Ulu Öndərin adına yaraşan bir Mərkəzdir. 

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan inamla müstəqillik həyatına qədəm qoyub. Əgər 1991-ci ildə Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Azərbaycan problemlərlə üzləşməzdi, heç vaxt bizdə vətəndaş müharibəsi olmazdı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf dövrüdür. O ağır illərdə Azərbaycanda aparılan islahatlar, təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması, dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu ölkəmizin gələcək inkişafını müəyyən etmişdir. O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim edilmişdir ki, Azərbaycan dövləti müstəqil həyatını qoruyacaq, ölkədə Azərbaycançılıq məfkurəsi təmin ediləcək, Azərbaycan öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında quracaq, dərin iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Azərbaycan xarici investorlar üçün açıq qapılar siyasəti aparacaq. Bu strateji seçim özünü doğrultdu. Biz bu gün bunu bir daha əyani şəkildə görürük. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır.

Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olmuşdur. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir.

Dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb.

Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik.

Bildiyiniz kimi, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bax, budur bu gün Azərbaycan reallıqları. Xalq bu reallıqları yüksək qiymətləndirir və referendumun nəticələri məhz buna əsaslanır. Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək.

Bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir. Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi.

Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin.

Sumqayıtın bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin açılışını qeyd etdik. Gözəl, əzəmətli binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır. Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi.

Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər.

Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın.

Onu da qeyd etməliyəm ki, mən dəfələrlə bəyan etmişəm bizim paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çalışmaq lazımdır ki, bütün şəhərlər Bakıya oxşasın. Yəni, memarlığa görə yox, çünki hər bir şəhərin öz tarixi, öz siması var. Ancaq abadlıq, rahatlıq, insanların yaşayış səviyyəsi baxımından hər bir şəhər çalışmalıdır ki, Bakıya yaxınlaşsın. Hesab edirəm ki, Sumqayıt artıq Bakının səviyyəsinə gəlib çatıb. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.

Sumqayıtda infrastruktur layihələri uğurla icra edilir. Mənə verilən məlumata görə, qazlaşmanın səviyyəsi təqribən 100 faizə yaxındır. Şəhər əhalisinin 80 faizini fasiləsiz içməli su təminatı əhatə edir. Çalışmalıyıq ki, bu, 100 faizə çatsın. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Çünki mənim təşəbbüsümlə birinci böyük elektrik stansiyası Sumqayıtda tikilmişdir və biz onun açılışını qeyd etdik. Gücü 525 meqavat olan bir stansiya o vaxt ona görə tikildi ki, mən Sumqayıtın uğurlu inkişafını görürdüm, buna əmin idim və bilirdim ki, Sumqayıta daha böyük həcmdə elektrik enerjisi lazım olacaq.

Sumqayıtda yolların salınması işi gedir, sosial infrastruktur yeniləşir, Olimpiya, Paralimpiya kompleksləri, “ASAN xidmət” mərkəzi yaradılıb, xəstəxana təmir olunub. Yəni, şəhər hərtərəfli inkişaf edir və bu, əlbəttə, məni və əminəm ki, sizi çox sevindirir.

Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur. Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib.

Son illər ərzində Sumqayıtın sənaye potensialı böyük dərəcədə artıb və əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır.

Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır - gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir.

Yeni inşa olunan sənaye müəssisələrində əsas şərt ondan ibarətdir ki, ekologiyaya tam riayət edilsin və ekoloji təmiz sənaye müəssisələri yaradılsın.

Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir. Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu gün çıxışlarda həm görülən, həm də görüləcək işlər haqqında məruzələr səslənəcək. Mən xüsusi göstəriş vermişəm ki, bu məruzələrdə həm sumqayıtlılara, həm də respublika əhalisinə görülən və görüləcək işlər haqqında hesabat verilsin. Çünki əlbəttə, siz yaxşı bilirsiniz ki, şəhərinizdə hansı işlər görülüb. Ancaq bu təqdimatlar bu gün daha da geniş formada veriləcək. Hər kəs görəcək ki, Sumqayıt bu gün əgər Cənubi Qafqazın ikinci sənaye şəhəridirsə, bu şərəfli adı daim daşıyacaq. Çünki Sumqayıtda təməlini qoyduğumuz böyük sənaye layihələri, müəssisələr dünya səviyyəli layihələrdir.

Sumqayıt Texnologiyalar Parkı artıq neçə ildir ki, fəaliyyət göstərir. Sumqayıtda Kimya Sənaye Parkı yaradılır. Artıq müəssisələr fəaliyyətə başlayıb, o cümlədən boru istehsalı müəssisələri xaricə məhsul ixrac edir. Bu, bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki biz ixracyönümlü məhsullar istehsal etməliyik.

Polimer zavodu artıq inşa edilir. Onun təməlini şəxsən mən qoymuşam. Təqribən 1 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulub. Azot gübrələri zavodu yaradılır. Bu da həm ölkə tələbatını ödəyəcək, həm də böyük ixrac potensialı yaradacaq. Yüngül sənaye ilə bağlı olan müəssisələr fəaliyyət göstərir. Qida sənayesi inkişaf edir. Yəni, Sumqayıtın inkişafı hərtərəflidir, ilk növbədə, şəhər infrastrukturu. Çünki nəqliyyatla bağlı yeni layihələr var. Mənə bu gün yeni avtobuslar göstərildi. Bu da çox vacib olan sahədir. İnsanlar şəhər nəqliyyatından razı olsunlar. Abadlıq işləri, ictimai zonalar, istirahət mərkəzləri, sənaye potensialı, bax, budur, əsas vəzifələr.

Hər bir ölkə, hər bir şəhər üçün əsas vəzifələr bundan ibarətdir - iş yerləri olsun, insanlar yaxşı maaş alsınlar, yaxşı məktəblər, uşaq bağçaları, tibb xidməti olsun, təhlükəsizlik təmin edilsin, şəhər nəqliyyatı yaxşı işləsin, ədalət həmişə zəfər çalsın. Bax, biz bu gün bu yolla gedirik və son illər ölkəmizdə qazandığımız nailiyyətləri, həyata keçirdiyimiz siyasəti Sumqayıtın timsalında əyani şəkildə görürük.

Mən on altıncı dəfədir ki, Sumqayıta gəlirəm və bundan sonra da gələcəyəm. Sumqayıtın inkişafı daim diqqət mərkəzində olacaq. Bu gün isə sumqayıtlıları, şəhər rəhbərliyini əldə edilmiş bütün uğurlar münasibətilə bir daha təbrik etmək istəyirəm.

X X X

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir FƏRƏCOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Hər bir sumqayıtlı yaxşı bilir ki, şəhərimizin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycana rəhbərliyi dövründə 16 dəfə şəhərimizdə olmuş Ulu Öndərin xeyir-duası ilə iri sənaye müəssisələri, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sosial obyektlər istifadəyə verilib, yeni yaşayış məhəllələri və mikrorayonları salınıb. Sumqayıtın müasir şəhər kimi formalaşması və inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərimizə olan həmin münasibəti bu gün, cənab Prezident, Sizin tərəfinizdən də uğurla davam etdirilir. Siz Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılmasında və sosial problemlərin həllində bizə yüksək qayğı göstərirsiniz. Qədirbilən Sumqayıt sakinləri yaxşı dərk edirlər ki, şəhərdə gedən quruculuq prosesləri məhz Sizin yüksək diqqətiniz sayəsində həyata keçirilir.

Sizin rəhbərliyinizlə müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Sumqayıt şəhəri də bu gün öz dinamik inkişaf dövrünü yaşayır. Görülmüş tədbirlər nəticəsində şəhərimizin həyatı yüksək dərəcədə canlanıb, insanların güzəranı yaxşılaşıb, nikbinliyi artıb.

Sizin son illərdə Sumqayıtda açılışını etdiyiniz zavod və fabriklərin, yaratdığınız sənaye parklarının hesabına minlərlə yeni iş yerləri açılıb, təkcə son 6 ay ərzində 6 mindən çox şəhər sakini işlə təmin edilib.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən şəhərin yeni, ümumi inkişaf konsepsiyası hazırlanıb. Tapşırığınıza uyğun olaraq, bütün abadlıq-quruculuq işləri şəhərin Baş Planı və gələcək perspektivi nəzərə alınmaqla aparılır. Məlumat vermək istəyirəm ki, biz bu işlərə ilk olaraq şəhərin hər iki tərəfdən olan giriş yollarından başladıq. Hər iki istiqamətdə yollar genişləndirilərək yenidən qurulub, yaşıllıq zolaqları salınıb, milli memarlıq üslubunda qala divarları çəkilib.

Şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə iki dəfədən artıq genişləndirilib, mövcud yolun asfalt örtüyü 90 min kvadratmetrə çatdırılıb və nəqliyyatın rahat hərəkətinə tam şərait yaradılıb. Yolun hər iki tərəfində ümumi uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri, küvetlər çəkilib, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. 16 min kvadratmetr hasar çəkilib, gecə işıqlandırma sistemi, 110 ədəd müasir işıq dirəkləri quraşdırılıb. Yolun giriş hissəsində Bayraq Meydanı tikilib.

Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Yolun eni iki dəfə genişləndirilərək 13 metrə çatdırılıb, 112 min kvadratmetr sahəyə asfalt döşənib. Yol boyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün piyada yolu çəkilib və 7000 kvadratmetr səki daşları düzülüb. Elə bu küçədə kommunikasiya xətləri çəkilib, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağaclar, kollar, güllər əkilib və yaşıllıqlar salınıb. Yol boyu 5 kilometr uzunluğunda istinad divarları çəkilib, hasarlar aqlay daşı ilə üzlənib, yolkənarı obyektlər təmir olunub. Yolun Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün parklar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Sizə məruzə etmək istəyirəm ki, şəhərin üçüncü giriş qapısı olan Metallurq küçəsinin də abadlaşdırılması işlərinə də başlamışıq. Sizin yüksək diqqət və qayğınız sayəsində şəhərin digər küçələrində də genişmiqyaslı abadlıq işləri aparılıb. Şəhərin mərkəzi yollarında, məhəllə və mikrorayondaxili ərazilərdə, bağlar massivində asfalt işləri görülüb. 1,5 milyon kvadratmetr əraziyə asfalt döşənib ki, bu da 200 kilometrə bərabərdir. Eyni zamanda, 50 min poqonmetr səki daşları dəyişdirilib, 30 kilometr yeni piyada yolları salınıb. Tapşırığınıza uyğun olaraq, şəhərin bütün məhəllə və mikrorayonlarında da küçə və səkilərin, məhəllə daxili ərazilərin abadlaşdırılmasını gələcəkdə mərhələli şəkildə həyata keçirəcəyik.

Möhtərəm cənab Prezident, 2011-ci ilin iyun ayında Siz Sumqayıt şəhərinə növbəti gəlişiniz zamanı dəniz kənarında müasir Bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdınız. Məlumat verirəm ki, bu gün artıq ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə müasir Sumqayıt Bulvarı yaradılıb.

Bulvar ərazisinin səviyyəsi dəniz səviyyəsindən 2,5 metr qaldırılıb, təkcə bu işlər üçün 3 milyon kubmetrdən çox torpaq daşınıb, 4,2 kilometr uzunluğunda, özülü 80 santimetr, yer səthindən 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib, avtomat suvarma sistemi yaradılıb. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib, 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemi quraşdırılıb. İnsanların rahat istirahəti üçün 600-dən çox oturacaq qoyulub, 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib.

Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və 12 min poqonmetr piyada yolu salınıb, 4,2 kilometr və ya 100 min kvadratmetr asfalt işi görülüb, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq Meydanı tikilib, hazırda isə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılır.

Möhtərəm cənab Prezident, əhalinin asudə vaxtının səmərəli təşkili, insanların rahat istirahət etmələri üçün demək olar ki, şəhər ərazisində olan bütün park və meydanlar yenidən qurulub. Şəhərdə ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 250 mindən çox ağac, 2 milyona yaxın gül əkilib, küçə və prospektlər boyunca yolların kənarlarına, eləcə də park və xiyabanlara 400 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb.

Ulu Öndərimizin adını daşıyan parkda da yenidənqurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Parkda 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr daş döşənib, rəngli fontan kompleksi və Bayraq Meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.

Cənab Prezident, vaxtilə şəhərimiz barədə dediyiniz “Sumqayıt bu gün parklar və bağlar şəhəridir” sözləri həqiqətən də Sizin köməyinizlə görülən işlərin hesabına reallığa çevrilib.

Parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli, hazırda toplaşdığımız Heydər Əliyev Mərkəzi inşa edilib. Bu möhtəşəm Mərkəz gənclərimizin daim toplaşacağı, öz maraqlarına uyğun məşğuliyyətlərini tapacağı məkana çevriləcək. Eyni zamanda, bu Mərkəz sumqayıtlı gənclərin vətənə sədaqət, torpağa sonsuz məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna rol oynayacaq.

Mərkəzdə Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompyuter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Dərnəklərlə yanaşı, dördüncü mərtəbədə nikah mərasimləri zalı fəaliyyət göstərəcək. Burada ailə quran hər bir sumqayıtlı gənc üçün Ulu Öndərin həyat və fəaliyyəti bir örnək olacaq. Nikah və qeydiyyat idarəsi də bu binada yerləşdirilib və nikah bağlanması üçün bütün şərait yaradılıb.

Parkın ərazisində müasir memarlıq üslubunda Şahmat Məktəbi tikilib. Məktəbdə 25 qrup olmaqla, 550-600 şagirdin dərs keçmələri, həmçinin müxtəlif irimiqyaslı yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, parkın ərazisində Uşaq İncəsənət Məktəbi inşa edilib. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərəcək, 700-dən çox şagird təhsil alacaq və 210 müəllim çalışacaq.

Cənab Prezident, Sumqayıt Dövlət Dram Teatrının təmiri ilə bağlı tapşırığınıza uyğun olaraq dərhal işlərə başlanılıb, dörd mərtəbəli, 3 min kvadratmetr sahəsi olan teatr zirzəmidən tutmuş damınadək əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. 150 nəfərədək personalı olan teatr binasında 500 yerlik tamaşa, 100 yerlik akt zalları, bütün xidməti, dekorasiya, qrim, iş otaqları əsaslı təmir edilib, işıqlandırma sistemi müasir üslubda yenidən qurulub. Teatrın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənib, iki fontan və monitor quraşdırılıb.

Möhtərəm cənab Prezident, Sizin hər zaman Sumqayıt və sumqayıtlılara göstərdiyiniz köməyin nəticəsi olaraq, ayrılmış vəsait hesabına 323 ədəd çoxmənzilli yaşayış binalarının dam örtükləri yenidən qurulub və hazırda bu işlər davam etdirilir. 200 çoxmənzilli yaşayış binasının isə liftləri dəyişdirilərək yenisi ilə əvəz olunub. Yaşayış binalarının memarlıq və dizayn baxımından müasir görkəminin saxlanması məqsədi ilə 77 binanın fasadı yenidən qurulub, Azərbaycan prospektində 21 bina aqlay daşları ilə üzlənib. Qarşımızda daha 400 binanın təmiri məsələsi dayanır ki, bu işləri də davam etdirəcəyik.

250 çoxmənzilli yaşayış binasının istiliklə təmin olunması üçün müvafiq işlər görülüb, qazanxanalar mövsümə tam hazırlanıb. Hazırda 18-ci mikrorayonda 20 yaşayış binasını istiliklə təmin edəcək yeni qazanxananın tikintisi işləri aparılır. Şəhərdə daha 600 yaşayış binasının istiliklə təchiz olunması üçün də müvafiq tədbirlər görüləcək.

Sizin tapşırığınızla şəhərdaxili avtomobillə sərnişindaşınma xidməti şəhər icra hakimiyyətinin tabeliyinə verilib. Bu iş pilot layihə olaraq əhaliyə nəqliyyat xidmətinin lazımi səviyyədə qurulmasını təmin edəcək. Hazırda bu məqsədlə növbəti il ərzində şəhərimizə 150 ədəd müasir avtobusların gətirilməsi üçün tədbirlər görülür.

Möhtərəm cənab Prezident, şəhərdə məktəb, uşaq bağçaları ilə bağlı problemlərin aradan qaldırılması sahəsində də müəyyən işlər görülüb. Belə ki, 56 uşaq bağçasından 48-nin dam örtüyü dəyişdirilib, istilik sistemi bərpa edilib, 8 uşaq bağçası əsaslı təmir olunub, ərzaq təminatı məsələləri tam qaydaya salınıb. Biz uşaq sıxlığını nəzərə alaraq, Sizə söz veririk ki, növbəti ildə daha 10 uşaq bağçasını tikib istifadəyə verəcəyik.

Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində şəhərdə 6 məktəb əsaslı təmir edilib. Qarşımıza məqsəd qoymuşuq ki, şəhərin daxili imkanları hesabına növbəti ildə məktəblərin təmirində əsaslı dönüş yaradaq.

Şəhərin səhiyyə ocaqları da diqqətdən kənarda qalmayıb, cari ildə 5 xəstəxana və poliklinikada təmir işləri aparılıb.

Cənab Prezident, Sizin bilavasitə köməyiniz və dəstəyiniz sayəsində Sumqayıt şəhərində xeyli işlər görülüb. Ancaq qarşımızda hələ həlli vacib olan bir çox məsələlər dayanır ki, onları da ardıcıllıqla həll edəcəyik.

Planlaşdırmışıq ki, əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün yaxın dövrdə Kimyaçılar və İnşaatçılar yaşayış sahəsindəki ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddətini başa vurmuş, kommunal şəraiti olmayan və qəzalı vəziyyətdə olan 100-ə yaxın taxta konstruksiyalı yaşayış binalarının sökülməsi və əhalinin köçürülərək yeni mənzillərə yerləşdirilməsi məsələsini həll edək. Həmçinin mərhələli şəkildə 100-dən çox yataqxana binasının əsaslı təmiri, 120 kilometr uzunluğunda şəhərdaxili yolların, 1,5 milyon kvadratmetr məhəllə və mikrorayondaxili sahələrin yenidən qurulması, 40 minə yaxın əhalinin yaşadığı ərazidən keçən, əhalinin və sənaye müəssisələrinin kanalizasiya xətti kimi istifadə etdiyi 7,5 kilometr uzunluğunda Acı Dərə kanalının boruya alınması kimi vacib işləri görməliyik.

Bundan əlavə, sənaye zonasında yerləşən Superfosfat, Alüminium, Kompressorlar zavodlarının, Xovlu İplik Fabrikinin fəaliyyətini bərpa etmək, şəhərin perspektiv inkişafı və genişləndirilməsi, sosial obyektlərin tikintisi üçün şəhər ərazisində fəaliyyətsiz qalmış 10-larla idarə və təşkilatların 100 hektarlarla torpaq sahələrindən səmərəli istifadə etmək istəyirik. Sizi əmin edirik ki, bu işləri də ardıcıllıqla yerinə yetirəcəyik.

Möhtərəm cənab Prezident.

Dünən Azərbaycanda ümumxalq səsverməsi - referendum keçirildi. Bu referendumda insanlar Azərbaycanın sabahına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkəmizin Sizinlə birlikdə olan gələcəyinə, həyata keçirəcəyiniz islahatlara səs verdilər. Onlar bir daha təsdiq etdilər ki, Sizin ətrafınızda hamılıqla sıx birləşmişlər.

Müdrik ölkə başçısı kimi, xalqımızın xoşbəxtliyi naminə əzmkar fəaliyyətinizə, insanlara sonsuz məhəbbətinizə cavab olaraq Sumqayıt sakinləri də Sizə hər zaman yüksək məhəbbət və sədaqətini nümayiş etdirəcək, əzmlə çalışacaq və Sizin bizə göstərdiyiniz yüksək diqqət və qayğıya öz əməli fəaliyyətimizlə cavab verəcəyik.

Diqqətinizə görə çox sağ olun.

X X X

İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Dünyada mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər, aparılan islahatlar ölkənin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.

Bu iqtisadi strategiyanın əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli qeyri-neft sənayesinin inkişaf etdirilməsidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ciddi sənaye potensialı formalaşdırılıb, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Mingəçevir də sənaye mərkəzlərinə çevrilib.

Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib və beləliklə, sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümumilikdə, görülən işlər nəticəsində qeyri-neft sənayesində məhsul istehsalı 2014-cü ildə 6,9 faiz, 2015-ci ildə 8,4 faiz, cari ilin yanvar–avqust aylarında isə 3,3 faiz artıb.

2014-cü ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi bu sahədə işlərin kompleks şəkildə ardıcıllıqla aparılmasını təmin edir. Proqramın icrası məqsədilə biznes və investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi, sənayenin rəqabət qabiliyyətinin artırılması, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətlərində tədbirlər həyata keçirilib.

Xüsusilə də investisiya fəaliyyətinin genişləndirilməsi məqsədi ilə investisiya təşviqi mexanizmi yaradılıb və qısa müddətdə ümumi dəyəri təxminən yarım milyard manat olan 58 layihəyə investisiya təşviqi sənədi verilib. Qeyd olunan layihələr çərçivəsində 4000-dən çox yeni iş yerləri açılacaq. Hazırda investisiya təşviqi sənədinin alınması məqsədilə təqdim olunmuş ümumi dəyəri 200 milyon manatdan çox olan investisiya layihələrinin qiymətləndirilməsi aparılır. Bununla yanaşı, istehsalı stimullaşdırmaq məqsədilə yerli istehsalçılar tərəfindən təklif edilən mal və xidmətlərə xarici istehsalçılarla müqayisədə 20 faiz qiymət güzəşti tətbiq edilib.

Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının sentyabrın 15-də imzaladığı Fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən satınalmalar zamanı idxal mallarının alınmasına yalnız zərurət olduğu təqdirdə razılıq veriləcək ki, bu da yerli məhsulların istehsalının artırılmasına və müəssisələrin inkişafına əlavə stimul verəcək.

Sənayenin inkişafına yönəlmiş mexanizmlərdən biri də sənaye parkları və sənaye məhəllələrinin yaradılmasıdır. Son dövrlər ölkəmizdə bu istiqamətdə real addımlar atılıb. Neftçala rayonunda yaradılmış ilk sənaye məhəlləsində bütün zəruri infrastruktur qurulub, 6 rezident qeydiyyatdan keçib və bunlardan 3-ü ilin sonunadək, digərləri isə gələn il fəaliyyətə başlayacaq. Layihələrin icrası nəticəsində 40 milyondan yuxarı investisiya qoyulacaq və 500-dən çox iş yeri açılacaq.

Növbəti sənaye məhəlləsinin Masallı rayonunda yaradılması istiqamətində işlər davam edir. Sənaye məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi daxil olub.

Sənaye parklarının qurulmasına isə daha əvvəl başlanılıb. Belə ki, tullantıların təkrar emalı sahəsində ixtisaslaşan Balaxanı Sənaye Parkında ümumi dəyəri 23 milyon manat olan və 300 iş yerinin açılmasını nəzərdə tutan layihələrin icrası məqsədilə 5 rezident qeydiyyatdan keçib. Gələn ilin ilk yarısında parkda infrastruktur işlərinin tamamlanması və bütün müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır.

Gəmiqayırma sahəsində ixtisaslaşan Qaradağ Sənaye Parkında həyata keçirilən investisiya layihəsinin dəyəri 470 milyon ABŞ dolları təşkil edir. Park 2000 nəfərin işlə təmin olunmasına imkan verir.

Yeni yaradılmış Pirallahı Sənaye Parkı əczaçılıq məhsullarının istehsalının təşkili və bu sahədə idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir. Parkda Rusiya və İran şirkətləri ilə birgə həyata keçiriləcək dərman vasitələrinin istehsalı üzrə ilk iki layihə çərçivəsində 90 milyon dollara yaxın investisiya qoyulacaq və 300-dək iş yeri yaradılacaq. Bu ilin sonunadək müəssisələrin tikintisinə başlanacaq.

Bir neçə gün əvvəl, dövlət başçısının təməlqoyma mərasimində iştirak etdiyi Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, parça, ayaqqabı və geyim istehsalı üzrə 9 fabrikin yaradılması ilə 200 milyon dollardan çox investisiya qoyuluşu və 5500-dən çox iş yerinin açılması nəzərdə tutulur.

Vacib amillərdən biri də odur ki, yaradılacaq müəssisələr əsasən yerli xammalla təmin olunacaq. Pambıqçılığa göstərilən dövlət dəstəyi istehsalın xammala tələbatını ödəməklə, xammaldan son məhsuladək sənaye klasterinin yaradılmasına xidmət edir.

Məlum olduğu kimi, Sumqayıt şəhərinin olduqca zəngin sənaye ənənələri var. Təsadüfi deyildir ki, ilk sənaye parkı da, cənab Prezident, Sizin Fərmanınızla 5 il əvvəl məhz Sumqayıtda yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı ərazisinin genişliyinə, rezidentlərin sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun çeşidi və həcminə görə ölkədə ən böyük sənaye parkıdır. Parkda yüksək səviyyəli infrastruktur təminatı həyata keçirilir. İlk növbədə buradan 1,9 milyon kubmetr torpaq tullantı, o cümlədən 41 min kubmetr təhlükəli tullantı çıxarılıb, parkın ərazisi ekoloji tələblərə cavab verən vəziyyətə gətirilib.

Artıq parkın 168 hektar ərazisində xarici elektrik verilişi və bütün yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri tamamlanıb, 128 hektar ərazidə isə söküntü və düzənlənmə işləri başa çatdırılıb. Hazırda parkın daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir.

Parkın ilk rezidenti olan, boru və hidrotexniki avadanlıq istehsalçısı “Azərtexnolayn” MMC-də 700 nəfər işləyir. Müəssisədə cari ilin səkkiz ayı ərzində istehsal edilmiş 55 milyon manatlıq məhsulun 85 faizi ixrac olunub.

Növbəti rezident “SOCAR Polimer” MMC-nin istehsalı olan polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin, kiçik və orta sahibkarlığın xammala olan tələbatını ödəyəcək və onların inkişafına stimul verəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək.

“MST Engineering” MMC tərəfindən yüksək təzyiqədavamlı xortumların və fitinqlərin istehsalı layihəsi üzrə 40 nəfər daimi iş yeri ilə təmin olunacaq.

“Aqrokimya Azərbaycan” MMC tərəfindən aqrokimyəvi məhsulların, o cümlədən pestisidlərin istehsalı layihəsi üzrə 100 nəfər daimi iş yeri ilə təmin ediləcək. Layihənin icrası nəticəsində bu sahədə idxaldan asılılıq aradan qaldırılacaq, ixrac potensialı yaranacaq.

“Alco Lubricant Company” MMC tərəfindən yüksək keyfiyyətli sintetik və yarı-sintetik sürtkü yağlarının istehsalı layihəsi üzrə 100 daimi iş yeri açılacaq.

İsveçrənin tanınmış “SİKA” şirkəti tərəfindən müxtəlif tipli tikinti məhsullarının istehsalı layihəsi üzrə (5,3 milyon manat) 60 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Bu dörd layihənin hamısı 2017-ci ildə fəaliyyətə başlayacaq.

Bakı ferroərintilər zavodu tərəfindən metallurgiya sənayesində istifadə olunan ferroərintilərin istehsalı layihəsi üzrə 70 daimi iş yeri yaradılacaq. Bu layihənin isə 2018-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Parkın digər rezidentləri “Azerbaijan Fibro Cement” MMC və “Azerfloat” QSC tərəfindən müvafiq olaraq fibro-sement lövhələrin və şüşə vərəqələrin istehsalı planlaşdırılır.

Qeyd olunan layihələrin icrası nəticəsində Parkın 9 rezidenti tərəfindən qoyulan investisiyaların həcminin 1,1 milyard ABŞ dollarını keçəcəyi və 2000-dən çox yeni iş yerinin açılacağı gözlənilir.

Həmçinin Sumqayıt Texnologiyalar Parkında emal sənayesinin müxtəlif sahələri, o cümlədən elektrotexniki avadanlıqlar, yüksək gərginlikli elektrik kabelləri, maşın və avadanlıqlar, polietilen borular, alüminium və PVC profillər, sendviç panellər və polikarbonat lövhələr istehsalı üzrə 17 zavod fəaliyyət göstərir. Bununla yanaşı, Karbamid zavodunun tikintisi davam edir.

Qeyd olunan layihələrin icrası idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına və ixrac potensialının artırılmasına xidmət edəcək.

Möhtərəm cənab Prezident.

Qeyd olunanlar Sizin rəhbərliyiniz altında həyata keçirilən islahatlar kursunun qarşıdakı illərdə də iqtisadiyyatın dayanıqlı və davamlı inkişafının təminatçısı olduğunu bir daha əyani şəkildə göstərir.

Diqqətinizə görə minnətdaram.

X X X

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar BABAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilməsi ölkəmizdə neft-kimya sənayesinin dinamik inkişafı üçün böyük perspektivlər açıb. Sizin Azərbaycan neft-kimya sənayesinin tarixində yeni bir mərhələ açmış 2010-cu il 2 aprel tarixli Sərəncamınız kimya sənayesində SOCAR-ın əsas fəaliyyət proqramıdır. Tövsiyə və tapşırıqlarınıza uyğun olaraq, “Azərikimya”nın SOCAR-ın tərkibinə verildiyi ilk gündən insan amili, kimyaçıların və bütövlükdə sumqayıtlıların sağlamlığı prioritet təşkil edib, fiziki və mənəvi cəhətdən köhnəlmiş, zərərli qurğular istismardan çıxarılıb, istehsalat sahələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qeyd etmək lazımdır ki, “Azərikimya”nın əsas istehsal sahəsi olan “EP-300” qurğusunun inşasına 1981-ci ildə başlanılmışdı. O dövrdə bu istehsalat kompleksinin əhəmiyyətini və perspektivini düzgün qiymətləndirən ulu öndər Heydər Əliyevin rəhbər qətiyyəti və prinsipiallığı sayəsində qurğunun Sumqayıtda tikintisinə nail olundu. Əslində sovet rəhbərliyi bu qurğunun tikintisini İttifaqın başqa bir şəhərində planlaşdırmışdı.

Ötən altı il ərzində etilen-polietilen zavodunda yeni azot-oksigen kompleksi, susoyutma kompleksi, mütləqləşdirilmiş izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət laboratoriyası tikilib. Həmçinin ötən il oktyabrın 25-də Sizin iştirakınızla propan-propilen fraksiyasının təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları istismara verilib. Xüsusən qeyd etmək lazımdır ki, əgər əvvəllər istehsalatlarımızda xammal kimi yalnız naftadan istifadə olunurdusa, bu gün dörd növdə xammaldan istifadə edilir və bunun üçün neft emalı zavodundan ayrıca boru kəmərləri çəkilib.

Kimyaçılarımızın iş və məişət şəraiti yaxşılaşdırılıb, istehsalatda onların əməyinin və sağlamlığının mühafizəsi sahəsində də ciddi dəyişikliklərə nail olunub. Müasir tibbi avadanlıqla təmin edilmiş “Kimyaçı” poliklinikası və təcili yardım mərkəzi istifadəyə verilib. SOCAR-ın tibbi sığorta proqramı çərçivəsində hər bir kimyaçı sığortalanıb.

“Azərikimya”da ixtisaslı gənc fəhlə kadrların hazırlanması da diqqət mərkəzindədir. Sizin göstərişiniz əsasında 2012-ci ildə Sumqayıtda müasir tipli Təlim-Tədris Mərkəzi yaradılıb. Mərkəz həm “Azərikimya”, həm də SOCAR-ın digər zavodları üçün beynəlxalq təhsil standartlarına uyğun yüksək ixtisaslı fəhlə kadrları hazırlayır. Artıq Mərkəzi bitirmiş 500-ə yaxın gənc kadr SOCAR-ın müəssisələrində işlə təmin olunub. Hər il burada 1000 nəfərə yaxın əməkdaşımız müxtəlif kurs və təlimlərdə iştirak edir.

Aparılmış yenidənqurma işləri nəticəsində istehsal edilən məhsullar üzrə göstəricilər xeyli yaxşılaşıb və bütün sahələr üzrə dinamik artım müşahidə olunmaqdadır. Əmtəəlik məhsul istehsalı 2010-cu illə müqayisədə 64 faiz artıb. Son altı il ərzində orta aylıq əməkhaqqı 3 dəfədən çox artaraq 205 manatdan 626 manata yüksəlib. “Azərikimya” Dövlət Şirkətinin 2010-cu ilə qədər yığılıb qalmış bütün yerli və xarici kreditor borcları qısa zamanda tərəfimizdən ödənilib. Müəssisəmiz 2013-cü ildən başlayaraq mənfəətlə işləyir və bu artan dinamika davam etməkdədir.

2015-ci ildə istehsal edilən kimya məhsullarının 88 faizi ixrac olunub, daxili bazar isə 12 faiz təşkil edib. İxracdan söz düşmüşkən qeyd edim ki, Türkiyənin “Petkim” şirkəti ilə inteqrasiya əlaqələrinin qurulması nəticəsində istehsal etdiyimiz kimyəvi məhsulların xarici bazarlarda, xüsusilə də Avropa ölkələrində satış şəbəkəsi getdikcə genişlənməkdədir. Bu məqsədlə son illərdə kimya məhsullarımızın dünya bazarına əsas ixrac istiqamətlərindən biri kimi Gürcüstanın Kulevi terminalından istifadə edilir. Orada qaz məhsullarının gəmilərə yüklənməsi üçün yeni terminal 2013-cü ildə istismara verilib.

Bakı-Tbilisi-Qars dəmir yolu da neft-kimya məhsullarının Türkiyəyə, oradan da Avropa və dünya bazarına çıxarılmasında mühüm rol oynayacaq.

Neft emalı və neft-kimya zavodlarında modernləşmə işləri çərçivəsində 2015-2019-cu illər ərzində önəmli layihələr həyata keçiriləcək. Hədəfimiz mövcud istehsalat gücünün artırılması, yeni bir neçə qurğunun tikintisi, hazır məhsul parkının yenidən qurulması və “EP-300” istehsalatının effektliliyinin artırılmasıdır. Bu da imkan verəcək ki, “SOCAR-Polimer” layihəsi çərçivəsində Kimya Sənaye Parkında inşa olunan polipropilen və polietilen zavodlarını lazım olan miqdarda yüksək keyfiyyətli xammalla təmin edə bilək. Bu zavodlar “Azərikimya” tərəfindən propilen, etilen, hidrogen, buxar və digər xammal ilə təmin olunacaq.

Kimya Sənaye Parkının 30 hektarlıq ərazisində həyata keçirilən “SOCAR-Polimer” layihəsi öz növünə və miqyasına görə son dövrdə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Bir məqama toxunum ki, bu qurğuların əvvəlcə “Azərikimya”nın tərkibində tikilməsi nəzərdə tutulmuşdu. Lakin Kimya Sənaye Parkının rezidenti statusu bu qurğuların Parkın ərazisində inşa olunmasını daha cəlbedici etdi. Hazırda layihə üzrə tikinti işləri tam sürətlə gedir. 2018-ci ilin birinci rübündə polipropilen qurğusunun, son rübündə isə polietilen qurğusunun istismara verilməsi üçün bütün qüvvələr səfərbər olunub.

EP zavodunda icra olunan layihələrdən biri də 15 il bundan öncə yapon texnologiyası ilə tikilib istifadəyə verilmiş buxar-generator kompleksinin modernləşdirilməsidir. Bu nadir qurğunun tikintisi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın uzaqgörənliyi sayəsində buxar-generator kompleksi nəinki kimya sənayesini tənəzzüldən xilas edib, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasına bir vasitə olub. Bu il isə SOCAR və Almaniyanın EON-UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisə yaradılıb. Yeni buxar turbininin tikintisi nəticəsində enerji istehsalının iki dəfə artırılması nəzərdə tutulur.

Diqqətçəkən layihələrdən biri də istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Xəzər dənizinə atılan suların maksimal təmizlik həddi təmin ediləcək və təmizlənmiş suyun bir hissəsi suvarma sahəsində istifadə olunacaq. Qurğunun 2017-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hazırda istehsalatda istismar olunan qurğular ekoloji tələblərə cavab verir, zərərli tullantılar və havaya atılmalar minimuma endirilib.

SOCAR-ın Sumqayıtda icra etdiyi böyük layihələrdən biri də karbamid zavodudur. Bu zavodun 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, biz Sumqayıt kimyaçıları Sizin diqqət və qayğınızı həmişə öz üzərimizdə hiss etmişik. Keçən il Sizin xeyir-duanızla Sumqayıt kimya sənayesinin 70 illik yubileyini təntənəli şəkildə qeyd etdik. Uzun illər kimya sənayesində çalışmış, səmərəli fəaliyyətləri ilə kimya sənayesini şöhrətləndirmiş insanlar Sizin sərəncamlarınızla müxtəlif dövlət mükafatları ilə təltif olundular.

Siz, sözün həqiqi mənasında, bu çətin və şərəfli peşə sahiblərinə əsl bayram sevinci yaşatdınız. İcazə verin, bütün kimyaçılarımızın dərin minnətdarlığını, sevgi və sayğılarını Sizə çatdırım.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında Sumqayıt böyüyür və inkişaf edir, aparılan misli görünməmiş abadlıq və quruculuq işləri bizim gözlərimiz önündə icra olunur. SOCAR da bu inkişafa töhfələrini verməklə bundan sonra da Sumqayıtda perspektivli layihələr həyata keçirməkdə davam edəcək. Şəhərimiz regionda aparıcı sənaye, ələlxüsus kimya sənayesi mərkəzi olmaqla, ekoloji cəhətdən təmiz və gözəl şəhərlərdən birinə çevriləcək.

Diqqətinizə görə minnətdaram.

X X X

“SOCAR Polimer” MMC-nin direktoru Fərid CƏFƏROV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Sumqayıtın keçmiş Sovet İttifaqı məkanında aparıcı sənaye mərkəzlərindən birinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti, müstəqil Azərbaycan Sumqayıtının iri və müasir sənaye mərkəzinə çevrilməsi isə Sizin uzaqgörən siyasətinizlə bağlıdır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı, “SOCAR Polimer”, gübrə zavodları və bu kimi digər iri və müasir sənaye obyektlərinin yaradılması şəhərimizi daha müasir sənaye mərkəzinə çevirəcək.

İcazənizlə, “SOCAR Polimer” layihəsinin gedişi, layihə çərçivəsində insan resurslarının inkişaf etdirilməsi, bu təşəbbüsün ümumi məşğulluğa və gözlənilən multiplikativ amilə təsiri haqqında məlumat vermək istəyirəm.

Bu günə qədər “SOCAR Polimer” layihəsinin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir. Polipropilen zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır. YSPE zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur. Bu zavodların ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək.

Layihənin xammalla vaxtında təmin edilməsi çox əhəmiyyətlidir. Hazırda neft emalı zavodunda və “Azərikimya”da görülən modernləşmə işləri nəticəsində “SOCAR Polimer” xammal ilə təmin ediləcək. Bunun sayəsində ölkədə neft-kimya məhsullarının istehsalı təqribən üç dəfə artacaq.

Qeyd etmək istəyirəm ki, bu istehsal əsasən ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti nəticəsində ölkəyə ildə təqribən 400 milyon dollar həcmində valyuta axını təmin olunacaq. Layihənin icra statusuna gəldikdə isə bildirmək istərdim ki, nəzərdə tutulan 750 milyon dollar büdcənin bu günə qədər 325 milyon dolları artıq investisiya olunub. Bu məbləğin 197 milyon dolları kredit, 128 milyon dolları isə səhmdar kapitalından maliyyələşdirilib.

Xüsusi olaraq vurğulamaq istərdik ki, bu layihə ölkəmizin dövlət və özəl sektorlarının uğurlu əməkdaşlığı əsasında icra olunur və özəl sektorun investisiyaları ölkənin uzunmüddətli sənaye layihəsinə yatırılır. Layihəyə cəlb olunmuş yerli səhmdarlarla işbirliyi güclü müsbət təsir göstərir.

Layihə çərçivəsində ən yüksək təhlükəsizlik və sağlamlıq standartları tətbiq olunur. Sentyabrın 15-də layihə çərçivəsində istehsalat qəzası baş vermədən bir milyon adam-saatını qeyd etdik. Bununla yanaşı, şirkətimiz kollektiv üzvlərinin peşəkar potensialının inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Bu günə qədər şirkətin işçiləri 3500 saatdan çox müxtəlif beynəlxalq təlimlərdə iştirak ediblər. Gələcək operator və texniklərin 50 faizindən çoxu artıq indidən işə götürülüb və hazırda təlimlərini SOCAR-ın Sumqayıtda və Qobustanda yerləşən təlim mərkəzlərində keçirlər.

Əlavə olaraq, istedadlı gənclərin layihəyə cəlb edilməsinə və onların inkişafına böyük əhəmiyyət veririk. Bu yay “SOCAR Polimer” 13 nəfərlik yay təcrübə proqramını həyata keçirib. Proqram Azərbaycanda və xaricdə təhsil alan tələbələr arasında geniş marağa səbəb olub və nəticədə ayrılmış hər bir yerə 24 namizəd sənəd verib. Təcrübə proqramını keçmiş tələbələrin böyük hissəsinin gələcəkdə işə və gözlənilən layihələrə cəlb olunması nəzərdə tutulur.

Hazırda ümumi olaraq layihədə mindən çox insan çalışır. Gələn ilin ikinci rübündə bu rəqəmin 2500-ə çatması gözlənilir. “SOCAR Polimer” şirkətinin hazırda 198 əməkdaşı var. Layihə istismara verildikdən sonra bu müəssisədə 400 daimi iş yerinin yaradılması gözlənilir.

Layihənin icrası ölkə iqtisadiyyatına güclü multiplikativ təsir göstərəcək, eyni zamanda, polimer qranullarının istehsalı çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisəsinin yaradılmasına imkan verəcək. Bu müəssisələr Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli investisiya mühitindən və müasir infrastrukturdan istifadə edəcək.

Artıq indidən bizə polimer qranulları əsasında müxtəlif növ plastik məhsulların istehsalçılarından çox sayda müraciətlər gəlir. Bir daha qeyd etmək istərdik ki, bu müəssisələrin açılması böyük həcmdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Belə ki, “SOCAR Polimer”də qranul istehsalı zamanı hər bir nəfərin cəlb olunması plastik istehsal müəssisələrində 25 nəfərin cəlb edilməsinə səbəb olacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

 

“SOCAR Karbamid” zavodunun direktoru Xəyal CƏFƏROV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

“SOCAR Karbamid” zavodu layihəsi “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Zavodun rəmzi təməli 2011-ci ildə məhz Sizin tərəfinizdən qoyulub və sonrakı illərdə həmişə bu layihənin gedişi ali diqqətinizdə olub. Layihənin mühəndislik, satınalma və tikinti podratçısı beynəlxalq açıq tenderlərlə seçilib. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində 2013-cü il martın 13-də açar təhvili şərti ilə Koreya Respublikasının “Samsung Engineering” şirkəti ilə müqavilə imzalanıb. Bundan sonra beynəlxalq nüfuzlu ammonyak və karbamid texnologiya şirkətləri ilə lisenziya müqavilələri bağlanıb, 2013-cü ildə layihə üzrə işlər başlanıb. Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması, 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır.

Zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650 min ton) daxili tələbatı tam ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq.

Qeyd etmək istəyirəm ki, layihənin həyata keçirilməsi prosesində nəzərdə tutulmamış bir sıra əlavə işlərlə qarşılaşmışıq. Layihənin ümumi dəyəri 750 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Bu məqsədlə dövlət büdcəsindən 205 milyon manat vəsait ayrılıb. Daha sonra maliyyələşdirmə mənbəyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib və beynəlxalq kommersiya bankları ilə danışıqlar aparılaraq aralıq maliyyələşdirmənin cəlb edilməsinə nail olunub. Layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə hazırda Koreya Respublikasının İxrac-İdxal Bankı (KEXIM) və Avropanın tanınmış və nüfuzlu üç beynəlxalq bankı ilə aparılan danışıqlar artıq tamamlanmaq üzrədir. 500 milyon avro məbləğində maliyyələşdirmənin cəlb olunması layihənin tamamlanmasını təmin edəcək.

Möhtərəm cənab Prezident, bu gün artıq layihənin təxminən 80 faizi icra edilib. Əsaslı layihələndirmə və satınalma işləri tamamlanıb, tikinti işlərinin 45 faizi həyata keçirilib. 2017-ci ilin ikinci yarısından etibarən zavodda mərhələli surətdə buraxılış-sınaq işlərinə başlanacaq.

Hazırda zavodun tikinti işlərində 2200 nəfər çalışır və tikintinin pik dövründə təxminən 3 min işçi cəlb ediləcək. Zavodun istismarı dövründə isə 400 nəfər daimi iş yeri ilə təmin olunacaq. Elə bu səbəbdən zavodun tikintisi dövründən etibarən gələcək kadrların hazırlığına və xüsusi treninq keçmələri məsələsinə xüsusi önəm veririk. Buraxılış-sazlama və sınaq dövründən başlayaraq gələcək istismarçıların iştirakının təmin edilməsi çox vacib şərtdir. Bu məqsədlə SOCAR-ın təlim-tədris mərkəzlərində artıq 80 nəfər ixtisaslı və texniki ingilis dilli fəhlə kadr hazırlanaraq işə götürülüb. Növbəti mərhələdə bu il təlim keçmiş 70 nəfərin də işə qəbul edilməsi gözlənilir. Zavodda işçilərin aylıq orta əməkhaqqı təxminən 650 manat təşkil edir.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, gözəlləşir, iqtisadiyyatımız möhkəmlənir, ordumuz güclənir və xalqımızın həyat şəraiti yaxşılaşır. Biz Sumqayıt şəhərinin də son zamanlar xüsusi zövqlə gözəlləşməsinin və inkişafının canlı şahidləriyik. Sizi əmin etmək istəyirəm ki, “Karbamid zavodu” layihəsi də vaxtında və keyfiyyətlə istismara veriləcək, Sumqayıtımızın və Azərbaycanımızın uğurlarına uğur qatacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

 Sumqayıt Texnologiyalar Parkının istehsalat üzrə icraçı direktoru Sahib MUSAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli görüş iştirakçıları.

Cənab Prezident, Sumqayıt Texnologiyalar Parkı (STP) 2009-cu il dekabrın 22-də Sizin iştirakınızla açılıb. O vaxt Siz həm də yüksək gərginlikli kabel qülləsinin təməlini qoydunuz.

Siz STP-yə ikinci dəfə 2011-ci il iyulun 7-də, üçüncü dəfə isə 2012-ci il aprelin 24-də gəldiniz və bizə öz dəyərli tövsiyələrinizi verdiniz. Bu diqqət və qayğıya görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk.

O vaxt STP-nin ərazisi 38,4 hektar, ümumi örtülü istehsal sahələri 170 min kvadratmetr idi. Hazırda ərazi 200 hektaradək genişlənib. Qapalı istehsal sahələri isə 500 min kvadratmetrdən çoxdur. Ərazidə olan zavodların əksəriyyəti genişləndirilib və onların istehsal etdikləri məhsulların çeşidləri çoxaldılıb.

Hazırda STP-nin 1750 nəfər daimi işçisi var. Müvəqqəti əmək müqavilələri ilə isləyənlərin sayı 250-350 nəfər arasında dəyişir. Bütün işçilər sosial qayğı ilə əhatə olunub, onlara isti günorta yeməyi verilir. İşçilərin hamısı xüsusi geyimlə təmin olunub və onları iş yerlərinə STP-nin nəqliyyat vasitələri aparıb gətirir. Hər bir işçi bədbəxt hadisələrə görə sığortalanıb. STP-də orta aylıq əməkhaqqı 565 manatdır.

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan bazarını daim yeni məhsullarla təmin etməkdə davam edir. Belə ki, Kabel zavodunda regionda yeganə olan kabel istehsal qülləsi işə salınıb. Bu texnoloji qüllədə ifrat yüksək (220-500 kV-a qədər) gərginlikli plastmas XLPE izolyasiyalı güc kabelləri istehsal olunur. 220 kV-luq kabellərimizdən respublikamızın enerji təminatında geniş istifadə edilir. Kabel zavodunda yeni məhsullar istehsal olunmağa başlayıb. Bunlar nəzarət, idarəetmə, koaksial, telefon, rabitə, şəbəkə LAN, optik və yüksək temperatura davamlı (2 saat müddətində 1000 dərəcə istiliyə tab gətirən) güc kabelləridir, gəmi və neft quyularında istifadə olunur. Neft quyuları üçün nəzərdə tutulan güc kabelləri “Azneft” İstehsalat Birliyinin 37 quyusunda sınaqdan çıxarılıb və müsbət nəticələr alınıb.

Rusiyanin “Navante Services Ltd” şirkətinin 1000 metrə qədər dərinliyi olan neft quyularında da bu kabellərin sınağı uğurla gedir.

STP-nin ağır maşınqayırma zavodunda yük götürmə qabiliyyəti 200 tona qədər olan elektrikli körpülü kranlar istehsal olunmağa başlanıb və bu məhsul istehsalına dair lisenziya yalnız ona məxsusdur. Bu zavodda olan avadanlıqların köməyi ilə əlavə sərmayə qoymadan istənilən texnika, o cümlədən ağır tonnajlı xüsusi təyinatlı texnika, kənd təsərrüfatı maşınları (o cümlədən pambıqçılıqda istifadə olunan maşınlar), suvarma qurğuları istehsal etmək mümkündür.

Elektron cihazlar zavodunda “Smart” tipli elektron elektrik sayğaclarından başqa, ödəniş terminallarının istehsalı təşkil olunub. Sifarişçilər banklar, Dövlət Gömrük Komitəsi, Milli Bank və digər qurumlardır.

Bu yaxınlarda alüminium və mis profilləri zavodu işə salınıb. Həmin zavodda Amerika Birləşmiş Ştatlarının “Vaqstaf” firmasının avadanlığı quraşdırılıb.

Elektrik stansiyaları üçün xaricdən gətirilən ehtiyat hissələrinin bir çoxu artıq STP-də istehsal edilir və müvəffəqiyyətlə istismar olunmaqdadır.

Sumqayıt Texnologiyalar Parkı tikinti sektorunu, kənd təsərrüfatını, yeni açılan texnoparkları elektrik avadanlıqları, kabellər, sinklənmiş metal konstruksiyalar və başqa məmulatlarla təmin etmək qabiliyyətinə malikdir.

STP bir çox elm və təhsil müəssisələri ilə də əməkdaşlıq edir. Hər il 1000-dən çox tələbə burada təcrübə keçir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Gilan Tekstil Park” MMC-nin direktor müavini Nadir MƏHƏRRƏMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin regionlarında və əsas sənaye mərkəzlərindən biri olan Sumqayıtda yüngül sənayenin inkişafı üzrə önəmli tədbirlər planlaşdırılaraq həyata keçirilib. Proqramın icrası toxuculuq və tikiş sənayesinin inkişafına müsbət təsir göstərib, regionlarda çoxsaylı sənaye müəssisələri fəaliyyətə başlayıb, bəzi müəssisələrin fəaliyyəti yenidən qurulub.

Həmin dövlət proqramları çərçivəsində qısa müddət ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit və Gilan Holding investisiyaları hesabına Sumqayıt şəhərində Cənubi Qafqazın ən iri tekstil müəssisələrindən biri - “Gilan Tekstil Park” inşa edilib və 2013-cü ilin may ayında cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilib.

İyirmi hektar ərazidə inşa edilən “Gilan Tekstil Park”ı 7 fabrik və 3 istehsal xəttindən ibarətdir:

- İplik fabriki (pambıq, pambıq-polyester ipliyin istehsalı, illik istehsal gücü 4000 ton);

- Toxuma fabriki (illik istehsal gücü 18 milyon metr xam parça);

- Boya fabriki (illik gücü 15 milyon metr parçanın boyanması);

- Tikiş fabriki (illik gücü 600 min ədəd geyim dəsti);

- Trikotaj fabriki (illik gücü 1200 ton məhsul);

- Dəsmal və hamam dəstləri istehsalı fabriki (illik gücü 2 milyon 350 min ədəd);

- Jakarlı toxuma fabriki (illik gücü 800 min metr);

- Trikotaj məhsullarının boyanması fabriki (illik gücü 3000 ton).

Bunlardan əlavə, Parkda tam avtomatlaşdırılmış yataq dəsti istehsal xətti (illik gücü 600 min ədəd), yay və qış yorğanları istehsal xətti (illik gücü 300 min ədəd), yastıq istehsalı xətti (illik gücü 250 min ədəd) mövcuddur.

“Gilan Tekstil Park”da yüksək keyfiyyətli Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. Parka daxil olan fabriklərin avadanlıqları ən son Avropa texnologiyası əsasında qurulub. Hazırda burada müxtəlif növ parça, yataq və hamam dəstləri, yorğan, yastıq, trikotaj məhsulları, habelə müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və xəstəxana geyimləri, idman geyimləri, otellər üçün hamam və yataq dəstləri istehsal edilir. Bu məhsulların istehsalında insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddədən istifadə olunmur.

“Gilan Tekstil Park”da ümumi sahəsi 6 min kvadratmetr olan, ən son texnoloji avadanlıqla təchiz edilmiş tikiş fabrikində ayda 50 min kişi, qadın və uşaq üst geyimləri, həmçinin NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.

Parkda parça toxuma, boyama və tikiş fabriklərinin kompleks formada yaradılması və ən müasir texnologiyaların tətbiq edilməsi yüksək keyfiyyət və rəqabət qabiliyyətli parça və trikotaj məhsullarının istehsalına imkan verir.

“Gilan Tekstil Park” İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001 standartlarına cavab verir və müəssisənin qeyd olunan Beynəlxalq Sertifikatları mövcuddur.

“Gilan Tekstil Park”ın malik olduğu ən müasir dəzgah parkının istehsal gücü ölkədaxili tələbatdan artıq olduğu üçün fabriklərin tam gücü ilə fəaliyyət göstərməsi məqsədilə xarici bazara çıxmaq istiqamətində müxtəlif tədbirlər görülür. Müəssisə beynəlxalq nüfuzunu artırmaq, yeni tərəfdaşlar tapmaq üçün təkcə 2016-cı ildə ölkə xaricində bir neçə beynəlxalq sərgilərdə iştirak edib. Həmin sərgilərdə yeni ixracat müqavilələri imzaladıqdan sonra şirkətin ixracat potensialı artıb. Artıq bu gün tekstil istehsalçısı olan Türkiyə kimi ölkədə müəssisənin məhsulları yüksək nüfuza malikdir və onlara ciddi tələbat var. Ev tekstili və parça satışı üzrə MDB ölkələri ilə geniş ticarət münasibətləri mövcuddur. Müəssisənin cari satışının 50 faizini ixrac təşkil edir və bunun artırılması məqsədilə iş aparılır.

Hazırda “Gilan Tekstil Park”da 900 nəfərdən artıq işçi çalışır. Onların əksəriyyəti Sumqayıt şəhəri və ətraf qəsəbələrdə yaşayan sakinlərdir. Park üzrə hazırda orta əmək haqqı 350 manatdan çoxdur. Şirkət işçilərini əvəzsiz olaraq keyfiyyətli nahar yeməyi, fərdi mühafizə vasitələri və uniforma ilə təmin edir, onların həyat və sağlamlığının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Xaricdən dəvət olunan təcrübəli mütəxəssislərin iştirakı ilə işçilərin peşə biliklərini artırmaq məqsədilə daxili təlimlər keçirilir. Bundan əlavə, tekstil sahəsində yerli kadrların inkişafı üçün respublikada fəaliyyət göstərən bir neçə ali təhsil müəssisələri ilə davamlı olaraq tərəfdaşlıq edilir. Tələbələrin istehsalatda təcrübə keçməsi onların inkişafında əvəzolunmaz rol oynayır. Yalnız cari il ərzində müəssisələrimizdə 18 tələbə təcrübə proqramı keçib.

“Gilan Tekstil Park” MMC qısamüddətli və uzunmüddətli inkişaf strategiyalarına malikdir. O, Azərbaycanda və beynəlxalq səviyyədə tekstil sahəsində nümunəvi istehsalçı və ixracatçı şirkət kimi tanınır.

Möhtərəm cənab Prezident, respublikamızda yüngül sənaye sahəsinin inkişafına göstərdiyiniz diqqət və qayğınıza görə Sizə “Gilan Tekstil Park”ın kollektivi və Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələrinin kollektivləri adından dərin təşəkkürümüzü bildiririk.

X X X

Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Namis ŞİRMƏMMƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident,

İcazə verin, sumqayıtlılar adından Sizə ulu öndərimiz Heydər Əliyevin dostluq və həmrəylik şəhəri adlandırdığı Sumqayıta “Xoş gəlmisiniz!” deyim.

Cənab Prezident, son dövrdə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri elə yüksək səviyyədə vüsət alıb ki, bunu sözlə ifadə edə bilmirəm. Siması tanınmaz dərəcədə dəyişən Sumqayıt parklar, xiyabanlar və yaşıllıqlar şəhərinə çevrilib. Küçələr genişlənib, binalar göz oxşayır, hər yerdə insanın ürəyini açan təmizlik, səliqə-sahman var. Sumqayıtın bugünkü mənzərəsi uşaqdan böyüyədək hamımızın əhval-ruhiyyəsini yüksəldib, sabaha olan inamımızı son dərəcə artırıb. Bütün bunlara görə bilmirəm Sizə necə təşəkkür edim. Bircə, onu bilirəm ki, bu inkişafa heyran qalan hər bir sumqayıtlının qəlbindən keçən bir alqış var – sağ olun, cənab Prezident.

Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına daim xüsusi qayğı ilə yanaşır, şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Sumqayıtın müasir bir şəhər kimi formalaşması, inkişafı məhz o böyük insanın adı ilə bağlıdır. Ulu Öndərimizə qədər şəhərimiz çox sönük idi. O böyük şəxsiyyət Sumqayıtı qurub-yaratdı. Sumqayıt ittifaq səviyyəli böyük bir sənaye şəhərinə çevrildi. Onlarla fabrik, zavod açıldı. Dram teatrının fəaliyyətə başlaması, park və istirahət mərkəzlərinin tikintisi şəhərin mədəni həyatında xüsusi canlanma yaratdı. İnsanların rifah halı durmadan yaxşılaşdı. Sumqayıt inamla sabaha addımladı.

Sumqayıtın ikinci inkişaf mərhələsi məhz Sizin adınızla bağlıdır. Siz şəhərimizi möhtəşəm zirvəyə çatdırdınız. Siz bizə həmrəylik, dostluq, qardaşlıq şəhəri olan Sumqayıtı qaytardınız.

Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident.

Şəhərimizdə Ulu Öndərin adına layiq möhtəşəm Heydər Əliyev mərkəzi inşa edilib. Mərkəzdə gənc nəslin elmi təfəkkürünün və bədii zövqünün formalaşması məqsədilə yaradılan dərnəklər, elektron kitabxana, tətbiqi sənət emalatxanası, həmçinin yeni ailə quran gənclər üçün nikah salonu fəaliyyət göstərir. O cümlədən xüsusi istedadlı gənclər üçün yeni üslubda inşa edilmiş şahmat və musiqi məktəbləri fəaliyyətə başlayıb.

Məhz Sizin diqqət və qayğınız nəticəsində insanların sosial rifah halı yüksəlir, həyat tərzi durmadan yaxşılaşır. Yeni müəssisələrin yaradılması, minlərlə iş yerlərinin açılması insanlarda xoş ovqat və sabaha inam yaradır.

Cənab Prezident, sumqayıtlılar həmişə bir şirin arzunun xəyalı ilə yaşayıblar: nə vaxtsa bizim də dəniz sahilində bulvarımız olacaq, müxtəlif istiqamətlərə gəmilər işləyəcək, gözəl bir istirahət mərkəzi qazanacağıq. Bu gün sumqayıtlıların arzusu Sizin göstərdiyiniz diqqət və qayğı nəticəsində çin olub. Dəniz sahili boyunca nəhəng və möhtəşəm bulvar kompleksi salınıb. Bir vaxt bərbad vəziyyətdə olan sahil zonası indi Sumqayıt sakinlərinin ən çox istirahət etdikləri məkandır.

Məşhur bir şeirdə deyildiyi kimi:

-Canlanır hər qarış çöl Sumqayıtda,

Xariqələr yaradır el Sumqayıtda.

Cənab Prezident, həqiqətən də bu gün Sumqayıtda həyat qaynayır. Şəhərin hər tərəfində tikinti, quruculuq, abadlıq işləri gedir. Demək olar ki, yeni bir Sumqayıt salınır və bu Sumqayıtın memarı Sizsiniz.

Otuz ildən artıqdır ki, mən Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi çalışıram. Çalışdığım bu bina 1957-ci ildə inşa edilib. Açıq deyim ki, inşa olunduğu gündən yaxın vaxtlara qədər əsaslı təmir olunmamışdı. Uzun müddət baxımsız qalan binanın dam örtüyü sınıb-dağılmış, döşəmələri tamamilə çürüyüb sıradan çıxmışdı. Heç bir istilik və hava tənzimləmə sistemi olmayan bu binada aktyorlar uçuq damdan tökülən yağış, qar suları altında məşqlər edib, 200-dən çox tamaşa hazırlayıblar. Qısa bir zaman kəsiyində bu binanın müasir standartlara cavab verən nəfis və estetik baxımdan gözəl təmir edilməsi Sumqayıt Dövlət Dram Teatrının kollektivinə, həmçinin şəhər ictimaiyyətinə müqayisəyə gəlməyən ən böyük bir hədiyyədir.

Biz yaxşı başa düşürük ki, bundan sonra teatrımızın yaradıcı kollektivi bədii cəhətdən elə yüksək tamaşalar hazırlamalıdır ki, bu binanın gözəlliyi fonunda solğun görünməsin.

Teatrımızın 150-yə yaxın işçisi var. Hər birinin adından, cənab Prezident, Sizə təşəkkürümüzü, dərin minnətdarlığımızı bildiririk.

Dünən ölkəmizdə mühüm bir hadisə - ümumxalq referendumu keçirildi. Hər bir Azərbaycan vətəndaşı kimi, sumqayıtlılar da xüsusi fəallıq nümayiş etdirərək, referendumda yekdilliklə iştirak edib, Sizə olan sədaqətini, sevgisini göstərib. Sumqayıtlılar hər zaman Sizin yanınızdadır və Sizi daimi olaraq Prezident görmək arzusundadır.

Bir daha Sizi bütün Sumqayıt sakinləri və mədəniyyət ictimaiyyəti adından salamlayıram, bizə göstərdiyiniz diqqət və qayğıya, heç vaxt sönməyən məhəbbətinizə görə hər birinin adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Azərbaycanımızın çiçəklənməsində Sizinlə bərabər çalışan, təhsilimizə, mədəniyyətimizə müstəsna xidmət göstərən hörmətli Mehriban xanıma, ailə üzvlərinizin hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

Hər arzumuz, istəyimiz səninlədir,

Sənə olan sevgi dəniz, səninlədir,

Şərəfimiz, şöhrətimiz, torpağımız səninlədir,

Ucalarda dalğalanan bayrağımız səninlədir.

Uğrunda tökülən qan, verilən can -

Əbədiyaşar Azərbaycan səninlədir!

Səninlədir Azərbaycan, səninlədir!

Tanrı Sizi qorusun, cənab Prezident.

X X X

Görüşə yekun vuran Prezident İlham ƏLİYEV dedi:

- Xoş sözlərə görə çox sağ olun. Bu gün Sumqayıtın həyatında çox əlamətdar bir gündür. Bir daha demək istəyirəm ki, belə möhtəşəm Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi çox gözəl tarixi hadisədir. Sumqayıtın zəngin mədəni həyatı var. Dövlət Dram Teatrı binasının əsaslı təmirdən sonra açılışı da Sumqayıtın mədəni həyatına yeni bir töhfədir. Hamımız yaxşı bilirik ki, Sumqayıt kimyaçılar, gənclər şəhəri kimi salınmışdır. Ona görə gənclər şəhəri ki, Sumqayıtın qurulmasında daha çox gənclər iştirak edirdi. Bu gün Sumqayıt, eyni zamanda, ziyalılar, fəhlələr, mütəxəssislər şəhəridir, müasir sənaye mərkəzidir.

Bir daha qeyd etmək istəyirəm ki, bu gün gördüyüm Sumqayıt bulvarı doğrudan da, məndə ən xoş təəssüratlar yaratdı. Çünki bir daha gördüm ki, qarşıya qoyulan vəzifələr düzgün icra edildikdə doğrudan da möcüzələr yaratmaq mümkündür. Sumqayıt bulvarı əvvəlki Bakı bulvarından məsafə baxımından daha uzundur. Çünki ənənəvi Bakı bulvarının uzunluğu 3,5 kilometr idi. Sonra biz onu böyütdük, uzatdıq, indi 16 kilometrə çatır. Ancaq o 3,5 kilometri çar Rusiyası vaxtında bir neçə il ərzində yaradıblar. Siz isə Sumqayıt bulvarını cəmi bir il, ondan da az vaxtda yaratmısınız.

Bu, doğrudan da bir daha onu göstərir ki, bugünkü Azərbaycan güclü dövlətdir. Baxmayaraq ki, indi dünyada müəyyən iqtisadi çətinliklər var və o, bizdən də yan keçməyib, biz sosial layihələrə, insanların rahatlığına ayrılan vəsaiti təmin edirik. Bütün sosial layihələr 2017-ci ildə də icra ediləcək, ölkəmizdə yeni xəstəxanalar, məktəblər, ictimai yerlər yaradılacaq.

Bu gün burada səslənən məruzələrdə Sumqayıtda görülmüş və görüləcək işlər haqqında məlumat verildi. Bu gün burada çıxış edənlər Sumqayıtın sənaye potensialının əsas seqmentlərini təmsil edirlər. Ancaq Sumqayıtın sənayesi əlbəttə ki, daha da böyükdür. Burada onlarla, yüzlərlə müəssisə fəaliyyət göstərir. Ancaq bugünkü məruzələrdə həm görülmüş, həm də görüləcək işlər sizin diqqətinizə çatdırıldı. Həm Sumqayıt, həm də ölkə üçün əsas iki böyük sənaye layihəsi 2018-ci ildə işə düşəcək. Bunlar “SOCAR Polimer” və “SOCAR Karbamid” zavodlarıdır. Burada da qeyd edildi, bu müəssisələrin işə düşməsi nəticəsində minlərlə iş yeri yaradılacaq, eyni zamanda, bizim ixrac potensialımız artacaq. Çünki biz “SOCAR Polimer” zavodunda istehsal olunacaq məhsulun bir hissəsini ixrac edəcəyik, bir hissəsini isə daxili bazara çıxaracağıq ki, kiçik və orta sahibkarlar o xam məhsuldan istifadə edib öz müəssisələrini qursunlar. Plastik məmulatlar istehsal olunacaq, idxaldan asılılıq azalacaq və biz daxili tələbatı təmin edəcəyik.

Bu gün burada məruzə edilmiş məsələlər Sumqayıtın böyük potensialını göstərir. Növbəti illərdə Sumqayıtda bu potensial artacaq, həm sənayedə, həm xidmət sektorunda, ictimai işlər sahəsində minlərlə yeni iş yeri yaradılacaq. Böyük istirahət zonaları yaradılır. O zonalarda da xidmət göstəriləcək. Beləliklə, Sumqayıtda işsizlik həmişə çox aşağı səviyyədə olmalıdır.

Əminəm ki, növbəti illərdə yeni layihələr icra ediləcək. Həm dövlət şirkətləri, eyni zamanda, özəl sektor da buna böyük maraq göstərir. Biz “SOCAR Polimer” zavodunun timsalında dövlət-özəl sektor tərəfdaşlığını da görürük. Bu da ölkəmiz üçün bir yenilikdir. Bu, çox mütərəqqi bir yanaşmadır, həm özəl sektor, həm də dövlət öz sərmayəsini qoyur və yeni gözəl müəssisələr yaradılır.

Sumqayıt şəhərinin gələcək inkişafı ilə bağlı təkliflər var. Burada istifadə olunmayan, köhnədən qalmış sənaye sahələri var. Əgər onların istifadəsi nəzərdə tutulmayacaqsa, biz onları da şəhər fonduna əlavə etməliyik ki, orada ictimai yerlər salınsın, yeni yaşayış zonaları yaradılsın. Bir sözlə, sahibkarlığın, sənayenin, xidmət sektorunun inkişafı Sumqayıtda çox uğurla gedir və əminəm ki, bundan sonra da uğurla gedəcək.

Bugünkü Sumqayıt müasir şəhərdir, Azərbaycanın gözəl guşələrindən biridir. Mən çox şadam ki, sumqayıtlılar da bu işlərdə çox fəal iştirak edirlər. Sumqayıtlılar öz şəhərinə çox bağlıdırlar. Bu gün Sumqayıtla fəxr etmək üçün bütün əsaslar var. Təsadüfi deyil ki, referendumdan bir gün sonra mənim ilk səfərim də məhz Sumqayıtadır. Mən sumqayıtlıları, onların fədakarlığını, dövlətə, dövlətçiliyimizə, müstəqilliyimizə bağlılıqlarını, ümumi işimizə verdikləri töhfələri yüksək qiymətləndirirəm. Əminəm ki, bizim görüşlərimiz bundan sonra çox olacaq. Çünki Sumqayıtda bundan sonra da açılışlar olacaq. Sizə uğurlar və cansağlığı arzulayıram. Qoy, həmişə Sumqayıt belə gözəl, abad şəhər olsun. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sumqayıtda Heydər Əliyev Mərkəzinin yeni binasında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş [YENİLƏNİB] VİDEO

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib