REGİONLAR
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunlarına start verilib
Sumqayıt, 11 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, idman oyunlarında respublikanın müxtəlif regionlarını - Bakı, Sumqayıt, Naxçıvan, Ağdaş, Ağsu və Şəkini təmsil edən sağlamlıq imkanları məhdud 70 uşaq qələbə uğrunda mübarizə aparır.
Açılış mərasimi yarış iştirakçılarının idman marşı sədaları altında zala daxil olması ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, oyunların rəsmi tərəfdaşları “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və UNICEF-in Azərbaycan üzrə nümayəndəsi Edvard Karvadin çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürüb və 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
II Uşaq Paralimpiya İdman Oyunlarının ulduz səfiri “Qala qrupu” gənc paralimpiyaçıları musiqi nömrələri ilə salamlayıb.
Sonra yarışlara start verilib. Gənc paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə mübarizəyə qoşulublar.
Yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin, “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.