REGİONLAR
Sumqayıtda Prezident mükafatçıları ilə görüş keçirilib
Sumqayıt, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Prezident mükafatçıları - ictimai və gənclər sahəsində fəaliyyətinə görə Ramiz Əliyev, sosial sahibkarlıq sahəsində fəaliyyətinə görə Sara Rəcəbli, sahibkarlıq sahələrində xüsusi fərqlənməyə görə Zəhra Qasımzadə və şəhərin müxtəlif sahələrini təmsil edən gənclərlə görüş keçirilib. “Uğura aparan yol” mövzusunda keçirilən görüş “Zoom” platforması vasitəsilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, görüş Vətənimiz ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Baş İdarənin rəisi Elgün Hümbətov dövlət gənclər siyasətindən, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq görülən işlərdən danışıb. Qeyd edilib ki, bu cür görüşlərin keçirilməsi gənclərin dünya görüşünün, bilik və uğurlu karyera qurmaq bacarığının, asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətlidir.
Daha sonra Prezident mükafatçıları öz həyat hekayələri, uğurun sirləri, motivasiya, şəxsi inkişaf qaydaları, ona aparan yol barədə biliklərini bölüşüblər.
Görüş sualların cavablandırılması ilə davam edib.