REGİONLAR
Sumqayıtda “SOCAR Petroleum”un yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Bakı, 5 dekabr, AZƏRTAC
Sumqayıt şəhərində “SOCAR Petroelum” QSC-yə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“SOCAR Petroleum” QSC-dən AZƏRTAC-a bildirilib ki, açılış tədbirində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM şəbəkəsinin aktiv şəkildə genişləndiyi vurğulanıb, yeni YDM-in Sumqayıt şəhərində artan tələbatın və təkliflərin nəzərə alınmaqla istifadəyə verildiyi qeyd edilib.
YDM-lərin ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyi, bu xüsusda Sumqayıt şəhəri, Sülh küçəsi və Koroğlu prospektinin kəsişməsində yerləşən yeni məntəqədə 29 iş yerinin yaradıldığı diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları YDM-in strukturu, burada yaradılan şərait və tətbiq olunan müasir avadanlıqlarla tanış olublar.
Türkiyə istehsalı olan son model yanacaqpaylayıcı kalonkaların quraşdırıldığı məntəqədə ümumilikdə 6 yanacaqpaylayıcı kalonka istifadəyə verilib. “Aİ-92”, “Premium”, “Super” və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDM-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.
Yeni açılan YDM ilə birlikdə ölkə ərazisində SOCAR brendli YDM-lərin sayı 44-ə çatdırılıb. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalına və şəbəkəsinə sahib olan “SOCAR Petroleum” QSC ekoloji baxımdan əlverişli olan CNG yanacağının satışında ölkə üzrə liderdir. Şirkətin strateji inkişaf planı və müştəri məmnuniyyəti nəzərə alınaraq gələcəkdə YDM-lərin sayının artırılacağı gözlənilir.