REGİONLAR
Sumqayıtda “Sağlam gənclik üçün narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib
Sumqayıt, 21 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Gənclər Evində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri ilə “Sağlam gənclik üçün narkomaniyaya yox deyək!” devizi altında maarifləndirici görüş keçirilib. Tədbir Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Polis İdarəsinin, Narkoloji Dispanserin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Gənclər Evinin sərgi salonunda yeniyetmə və gənclərin rəsm işlərinin sərgisi ilə tanışlıq olub.
Sonra narkomaniyanın fəsadlarına dair film göstərilib.
Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov tədbirdə çıxış edərək bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyaya qarşı mübarizənin daim cəmiyyət həyatının ən aktual və mühüm məsələlərindən olduğunu bildirib. O, narkomaniyaya qarşı mübarizənin Azərbaycan dövləti və müvafiq qurumlarla yanaşı, ölkə ictimaiyyətinin də diqqət mərkəzində dayandığını vurğulayıb, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyin bildirib.
Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı Asim Eyvazov, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov çıxışlarında Azərbaycanda narkomaniyaya qarşı mübarizə üzrə dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər bu uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığının artdığını bildiriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb və onlara Baş İdarənin hazırladığı maarifləndirici bukletlər paylanılıb.