REGİONLAR
Sumqayıtda “TİAMO 2019 mega–beyin” olimpiadası keçirilib
Sumqayıt, 10 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhərin 70 illiyinə həsr olunmuş “TİAMO 2019 mega–beyin” olimpiadası keçirilib. Bu, TİAMO Kids Dahi Uşaqlar Mərkəzinin Azərbaycan üzrə keçirdiyi IV olimpiadadır.
AZƏRTAC xəbər verir ki, “TİAMO kids” mərkəzinin Azərbaycan üzrə nümayəndəsi İradə Xəlilova olimpiadanı açaraq yarış barədə məlumat verib. Bildirib ki, TİAMO-da təhsili alan uşaqlar beyinin hər iki yarımkürəsini istifadə edərək, güclü yaddaşa malik olurlar. Bu proqrama beyinin gimnastikası da deyilir. O, belə uşaqlarda riyazi və məntiqi bacarıqlar, qavrama, dərketmə, analiz və sintez etmə, liderlik kimi qabiliyyətlər sürətlə inkişaf etdiyi üçün bu uşaqların dərslərdə müvəffəqiyyət faizinin digərlərindən qat-qat üstün olduğunu qeyd edib. Belə ki, 5 yaşlı uşaqlar sərbəst yazmaq, dəqiqədə 60-100 söz oxumaqla bərabər, 2-3 mərhələli riyazi və məntiqi məsələləri asanlıqla həll edir, ingilis dilindən 300-dən artıq söz bilirlər. TİAMO Proqramı sayəsində öyrəndiklərini asanlıqla mənimsəyən bu uşaqlar gələcəyin alimləri, həkimləri, mühəndisləri olacaqlar.
Sonra olimpiadaya start verilib. Bilik yarışı 2 saat yarım ərzində 3 yaş qrupu üzrə keçirilib. Olimpiadada 42 uşaq iştirak edib. I qrup - 5 yaşlı məktəbəqədər hazırlıq proqramında təhsil alan uşaqlar 20 dairəsində, II qrup - 6 -10 yaş arası uşaqlar 2-3 rəqəmli, III qrup – 5 il əvvəl kursları bitirən məzunlar isə 4-5 rəqəmli ədədlərdən ibarət 150 misalı 4 dəqiqə ərzində hesablayıblar. Yarışın şərtlərinə görə hər mərhələ 1 dəfə təkrarlanır və hər düz cavab alan uşağa bir kart verilib. Nəticədə “Ən güclü beyin” mükafatını kartı çox olan uşaqlar qazanıb.
Qalib uşaqlar hər qrup üzrə kubok, medal, plaket, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.
Mükafatlandırma mərasimində bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd uşaqların dünyagörüşünə, intellektual səviyyələrinin inkişafına böyük təsir göstərərək, onların sosiallaşması prosesini təmin etməkdir.
Mükafatlandırma mərasimi şou-proqramla davam edib.