REGİONLAR
Sumqayıtda “Uğur əngəl tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə təşkil olunub
Sumqayıt, 16 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib. Tədbirlər planına uyğun olaraq Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uğur əngəl tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Sumqayıt şəhərində yaşayan fiziki məhdudiyyətli yaradıcı uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların bacarıqlarını nümayiş etdirmək, dövlət qayğısından kənarda qalmadıqlarını hiss etdirməkdir.
Yazıçı publisist Hafiz İmamnəzərlinin aparıcılığı ilə keçən tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova çıxış edərək, belə sərgilərin bundan sonra da keçiriləcəyini, əl işlərinin satışının təşkil olunacağını və fiziki məhdudiyyətli gənclərə hər zaman dəstək göstəriləcəyini bildirib.
Layihə rəhbəri Nərmin Kərimova, Əməkdar rəssam Vaqif Nəzirov, rəssam Nəsibə Şükürova, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və başqaları
çıxış edərək sərginin önəmi barədə fikirlərini bölüşüblər.
Sərgidə Evdə Fərdi Təhsil Məktəbinin və Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 40-a yaxın şagirdin əl işləri nümayiş olunub. Sonra müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir şəhər Mədəniyyət Evinin solistlərinin ifasında şən mahnılarla başa çatıb.