REGİONLAR


Sumqayıtda “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib

Sumqayıt, 2 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində tədbir keçirilib. Avqustun 7-dək keçiriləcək tədbir Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində fəaliyyət göstərən Perinatal Mərkəz tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar və iştirakçılar Mərkəzin zəngin ekspozisiyasına baxış keçirib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat və materiallarla tanış olublar.

Tədbirin moderatoru Perinatal Mərkəzin baş həkimi, Əməkdar həkim Təranə Rəcəbli çıxışında qeyd edib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı hər il avqustun ilk həftəsində ana südü ilə qidalandırma ilə bağlı müxtəlif tədbirlər keçirilir. “Tədbirin əsas məqsədi körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır”, - deyə T.Rəcəbli qeyd edib.

Digər çıxış edənlər bildiriblər ki, ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmanın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Vurğulanıb ki, körpəni ana südü ilə qidalandırmaq qadının sağlamlığına da müsbət təsir göstərir. Ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açılıb və iştirakçıları süni qidalardan uzaq olmağa çağırışlar səsləndirilib.

Natiqlər dövlətimiz tərəfindən səhiyyəyə böyük diqqət və qayğının göstərildiyini, bunun bariz nümunəsi kimi, Sumqayıtda inşa olunan müasir standartlara cavab verən 2 nömrəli xəstəxananı qeyd ediblər.

Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve keçirilən bu tədbirin əhəmiyyətindən danışıb və bu addımı yüksək qiymətləndirib.

Sonra “Ana Südü ilə qidalandırmaya sosial yanaşma”, “Hamiləlikdə COVID-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması”, “Ana Südü ilə qidalandırmanın üstünlükləri”, “Ana südünün möcüzəsi” mövzusunda təqdimatlar keçirilib.

Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.