REGİONLAR
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub
Sumqayıt, 27 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda sentyabrın 27-də Vətən müharibəsinin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhərin Nəsimi adına parkında ağacəkmə aksiyası təşkil olunub.
Sonra Sumqayıtın Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anılıb.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Tahir Mirkişili, Emin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İştirakçılar xiyabanda ucaldılan “Qalib əsgər” abidəsi önünə əklil və gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
Gün ərzində şəhər rəhbərliyi şəhid Muradov Bəxtiyar Güloğlan oğlunun ailəsinə baş çəkib, şəhid Tərlan Rövşad oğlu Rzayevin anım mərasimində iştirak ediblər. Şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqdan söz açılıb.