REGİONLAR
Sumqayıtda abadlıq-quruculuq işləri davam etdirilir
Sumqayıt, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizin iqtisadi potensialı artdıqca paytaxtla yanaşı, regionlarda da mühüm layihələr həyata keçirilir. Bunu bu il 70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtın simasında da aydın görmək olar. Sumqayıt şəhəri gündən-günə abadlaşır və gözəlləşir.
AZƏRTAC xəbər verir ki, respublikanın şəhər və rayonlarında dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədar dövlətimizin başçısının imzaladığı Sərəncamla Sumqayıtda 263 yaşayış binasının dam örtüklərinin dəyişdirilməsi üçün ayrılan vəsait hesabına şəhərin 1, 2, 3, 4, 5, 8, 13 və 18-ci mikrorayonlarında, 41A, 42, 45-ci məhəllələrində, həmçinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki binaların yararsız dam örtüklərində təmir işləri aparılır.
Əhalini uzun müddət narahat edən dam örtükləri ilə bağlı problemlər 2019-cu ilin sentyabr ayınadək birmənalı olaraq öz həllini tapacaq. Bu da həmin binalarda yaşayan sakinləri daha çox sevindirir.
Son iki ildə şəhərdə 44 nümunəvi məhəllə salınıb, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən cari ildə 10 yaşayış massivində – 5, 8, 9, 10, 11, 13-cü mikrorayonlarda, 41A, 30, 34 və 36-cı məhəllələrdə yenidən qurulan 10 həyət sakinlərin istifadəsinə verilib.
Məhəllədaxili və magistral yollarda, binaların fasadlarında gecə işıqlandırılmasını təmin etmək üçün küçələrdəki işıqlandırma sistemi yenidən qurulub. Şəhərdə yol infrastrukturuna da xüsusi diqqət yetirilir. Belə ki, son iki ildə Sumqayıtın şəhərdaxili və məhəllədaxili yollarına 2 milyon kvadratmetr asfalt örtüyü döşənib. Cari ilin birinci rübündə 100 min kvadratmetr asfalt vurulub.
Şəhərdə yaşıllıqların bərpası istiqamətində də mühüm işlər görülür. Bu il 55 mindən çox ağac, 40 min uzunömürlü gül və kol, həmçinin 200 mindən artıq mövsümi güllər əkilib.