REGİONLAR
Sumqayıtda abonentlərin qaz təchizatı yaxşılaşdırılır VİDEO
Sumqayıt, 15 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın qaz təchizatı yenidən qurulur, “smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xətləri yeniləri ilə əvəz edilir.
Sumqayıt Qaz İstismar Sahəsinin baş mühəndisi Teymur Vəliyev AZƏRTAC-a bildirib ki, görülən tədbirlər nəticəsində bu ilin 6 ayında qaz itkisi 2,9 faiz azalıb. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması, itkilərin azaldılması məqsədilə şəhərə gələn 273 millimetrlik “Şəhər-1”, “Şəhər-2” ortatəzyiqli qaz kəmərlərinin yenidən qurulması üçün diametri 315 millimetrlik 4500 poqonmetr yeni polietilen qaz kəmərləri çəkilib.
Kimyaçılar qəsəbəsi və “Xəzər bağları” yaşayış massivində yeni qaz kəmərləri çəkilərək istismara verilib, 4 siyirtmə quraşdırılıb. Corat qəsəbəsində və Hacı Zeynalabdin qəsəbəsinin 5-ci məhəlləsində qaz xətti çəkilib, 5 qaztənzimləyici şkaf və 1 qaztənzimləyici qurğu quraşdırılıb.
Sumqayıt Qaz İstismar Sahəsinin xidməti ərazisində 140 ədəd qaz sayğacı həyətyanı sahələrdən küçəyə çıxarılıb, 150 qaz sayğacı yeni çəkilmiş qaz xətlərinə qoşulub. Qaz kəmərlərində sızmalar aradan qaldırılıb, 121 qaztənzimləyici şkaf təftiş və təmir edilib. Sumqayıt şəhəri və ətraf qəsəbələrdəki yaşayış fondunda yeni əhali abonentlərinə 413 ədəd və sənaye sektorunda yeni abonentlərə 49 ədəd “smart” qaz sayğacı quraşdırılıb. Ümumilikdə, xidmət ərazisində 4012 mexaniki qaz sayğacı “smart” sayğacla, 309 ədəd işlək vəziyyətdə olmayan “smart” sayğacı isə yeniləri ilə əvəzlənib.
Bununla yanaşı, 41 min 76 mənzildə qaz cihazlarına profilaktik xidmət göstərilib, əhali ilə istehlak edilmiş qazın dəyərinin ödənilməsi barədə izahat işləri aparılıb və abonentlərə qazdan təhlükəsiz istifadə qaydalarına dair təlimatlar verilib.