CƏMİYYƏT
Sumqayıtda baş verən yol-nəqliyyat hadisələri nəticəsində üç nəfər xəsarət alıb
Bakı, 21 yanvar, AZƏRTAC
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisələri nəticəsində üç nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KamАZ” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri deformasiyaya uğrayan “İsuzu” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan iki nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa, “VAZ” markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri deformasiyaya uğrayan minik avtomobilində sıxılmış vəziyyətdə qalan bir nəfəri çıxarıblar.