CƏMİYYƏT
Sumqayıtda beş marketdən seyf oğurlayan şəxslər yaxalanıblar VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Sumqayıtda marketlərdən silsilə oğurluqlar edən şəxslər şəhər polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər sakinləri Elnur Bağırov və Emin Nəzərov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müxtəlif vaxtlarda Sumqayıt şəhərində xüsusi texniki vasitələrlə qorunmayan 5 marketdən içərisində pul olan seyflər oğurladıqları məlum olub. Dəstə üzvləri mağazalara daxil olan zaman sonradan ifşa olunmamaları üçün obyektlərdəki müşahidə kameralarının yaddaş bloklarını da özləri ilə götürüblər.
Emin Nəzərov və Elnur Bağırov seyflərdən bir neçəsini marketlərin içində açsalar da, digərlərini özləri ilə aparıblar. Onlar seyfləri açandan sonra izi itirmək məqsədilə Sumqayıt şəhərindəki su hövzələrindən birinə atıblar. Dəstənin üzvü Elnur Bağırov həmin mağazalar şəbəkəsində əvvəllər kassir işlədiyi üçün oğurluq etmək təklifini də o edib.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.