CƏMİYYƏT


Sumqayıtda binaların girişlərindən iyirmidən çox su sayğacı oğurlayan şəxslər saxlanılıblar

Bakı, 27 yanvar, AZƏRTAC

Sumqayıtda su sayğaclarının oğurlanması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər polis idarəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mehman Şərifov və Anar Kişiyev saxlanılıblar. Həmin şəxslərin şəhər ərazisində 20-dən çox mənzildən su sayğacı oğurladıqları müəyyənləşdirilib.

Mehman Şərifov və Anar Kişiyev ifadələrində oğurladıqları sayğacları şəhər ərazisində metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxslərdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin oxşar cinayətlər törətdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.

DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildirir ki, fəaliyyətlərini müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya nazirliyin 102 - Zəng Mərkəzinə məlumat versinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.