REGİONLAR
Sumqayıtda doqquz ayda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib VİDEO
Sumqayıt, 14 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub. Qeyd olunub ki, həmin dövrdə şəhərdə mühüm, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə yenicə təmirdən çıxan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçən hesabat yığıncağında Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib. Bildirilib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün də uğurlu olub, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib, yeni iş yerləri açılıb.
Məlumat verilib ki, sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq 543,9 milyon manat olub. Hesabat dövründə ümumi məhsul istehsalının həcmi 837,3 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 258,2 milyon manat və 44,6 faiz artıb. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı 80 faizi ötüb. İlin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 600 milyon manat vəsait yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 6132 yeni iş yerləri açılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi Məktəbi ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektaradək artırılıb. Burada Bayraq Meydanı tikilib.
Hesabat dövründə şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 5,2 kilometr olan ikitərəfli yol və Corat qəsəbəsindən Novxanı istiqamətində uzunluğu 7,5 kilometr olan Sahil küçəsində yenidənqurma işləri yekunlaşıb, hər iki yolun ətrafı abadlaşdırılıb. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni Dənizkənarı Bulvar sakinlərin istifadəsinə verilib.
Yığıncaqda, həmçinin təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.
Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanların aradan qaldırılması və mövcud problemlərin həlli ilə bağlı təkliflər səsləndirilib.
Hesabat yığıncağının sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.