REGİONLAR
Sumqayıtda dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyi qeyd edilib VİDEO
Sumqayıt, 19 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 18 Oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə bayram tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizin müstəqillik tarixinə qısa nəzər salıb. Bildirilib ki, XX əsrin əvvəllərində suveren dövlət yaratmaq imkanı qazanan Azərbaycanın ilk müstəqillik tarixi qısa sürüb. Lakin əsrin sonlarında xalqımız yenidən müstəqilliyini bərpa edib. Bu müstəqilliyin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndər 1993-cü ildə çətin bir dövrdə siyasi hakimiyyətə qayıdaraq, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycanı inkişaf yoluna çıxardı.
Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda lider dövlətə çevrilib.
Sonra Prezident İlham Əliyev tərəfindən Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərinə görə təltif edilən şəxslərə medal və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomları təqdim edilib.
Təltif edilənlər dövlətimizin başçısına onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.