CƏMİYYƏT
Sumqayıtda əcnəbi vətəndaşı qətlə yetirməkdə şübhəli bilinən dəstənin üzvləri saxlanılıblar
Bakı, 17 oktyabr, AZƏRTAC
Sumqayıtda törədilmiş ağır cinayətin üstü prokurorluq və daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.
Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, cari il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri Novxanı bağlar massivindəki evində aşkarlanıb. Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq, müvafiq ekspertizalar təyin edilib.
Şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunublar.
Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşib ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəliblər. Onlar evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.