CƏMİYYƏT
Sumqayıtda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər yaxalanıb
Bakı, 29 iyun, AZƏRTAC
Sumqayıt şəhərində oğurluqla məşğul olan iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 26-da Sumqayıt şəhəri ərazisindəki evlərin birindən 200 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş – R.İsmayılov və T.Hacıyev Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Aparılmış yoxlamalar zamanı onların daha üç evdən pul, qızıl və məişət əşyaları oğurlamaları, habelə bir evdən oğurluğa cəhd göstərmələri də müəyyənləşdirilib.
Faktla bağlı tədqiqat davam edir.