REGİONLAR
Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatları hesabat verib
Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatları cari ilin doqquz ayında görülən işləri və qarşıda duran vəzifələri müzakirə ediblər.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qurumun gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov genişmiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi dövlət gənclər siyasətinin Sumqayıtda uğurla həyata keçirildiyini bildirib, bu sahədə görülən işlərdən söz açıb. Həmçinin Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından bəhs edib.
Qeyd olunub ki, hesabat dövründə Baş İdarə tərəfindən dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun keçirilmiş 96 tədbirdə 11035 gənc iştirak edib. Gənclərin təşkilatlanması üçün zəruri imkanlar yaradılıb, mövcud təşkilatların ümumi maraqlar əsasında birləşdirilməsi və könüllülük prinsipi üzrə əlaqələrin möhkəmləndirilməsində fəaliyyət artırılıb, tələbələrin ictimai həyatda fəallığının genişləndirilməsi, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.
Görüşdə Baş İdarənin təşkilati iş sektorunun müdiri Rüfət Mahmudzadə, “ASAN Könüllüləri” Gənclər Təşkilatlarının sədri Rəşad Məmmədov, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədr müavini Ramil Mirzəyev, universitetin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Umud Cavid və digərləri görülən işlər barədə hesabat xarakterli çıxışlar ediblər.