REGİONLAR
Sumqayıtda fərqlənmə attestatı alanların sayı açıqlanıb
Sumqayıt, 12 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur. Şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə AZƏRTAC–a bildirib ki, ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 130, tam orta təhsil səviyyəsi üzrə 107 nəfər fərqlənmə attestatı ilə bitirib.
Fərqlənmə attestatları alan şagirdlərin sayına görə birinci yerdə 18 məzunla (onlardan 5-i qızıl medal alıb) Təbiət Elmləri Təmayüllü Gimnaziya, ikinci yerdə 15 məzunla Texniki Təbiət Elmləri Liseyi gəlir.
Təhsil müəssisələrində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə təntənəli təqdimatlar keçirildiyini deyən Arzu Alızadə belə tədbirlərin daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə, mütaliəyə motivasiyasını daha da artırmaq məqsədilə keçirildiyini bildirib. Qeyd edib ki, fərqlənmə attestatları təhsil müddətində nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər fənn üzrə azı 75 bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər fənn üzrə 5 qiymət alan və azı 75 bal toplayan məzunlara verilir.
“Məzunlara fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir”, - deyə Arzu Alızadə əlavə edib.