REGİONLAR
Sumqayıtda gənc könüllülərin təklifləri dinlənilib
Sumqayıt, 23 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə könüllü fəaliyyətinə yeni qoşulan, habelə bu fəaliyyətin xeyli müddətdir iştirakçıları olan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən baş idarənin rəisi Elgün Hümbətov Sumqayıt şəhərində gənclərin könüllü fəaliyyətinə diqqət yetirilməsindən danışıb. O, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası məqsədilə mütəmadi olaraq gənclərin ictimai fəallığının artırılması və könüllü fəaliyyətinə cəlb olunması sahəsində ardıcıl işlər həyata keçirildiyini bildirib.
Qeyd edilib ki, gənclərin könüllü fəaliyyətinə cəlb olunması onların məşğulluğunun təmin edilməsi, şəxsi inkişafına şərait yaradılması, sosial fəallığının artırılması, bilik və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir. Cari ilin əvvəlindən başlayaraq “Könüllü ol”, “Ağacəkmə”, “Nəqliyyat könüllüləri” devizi altında keçirilən maarifləndirici aksiyalar Sumqayıtın 70 illik yubileyinə də öz töhfəsini verməkdədir.
Sonra könüllülərin təklifləri dinlənilib, sualları cavablandırılıb və onlara tövsiyələr verilib.