CƏMİYYƏT
Sumqayıtda hərəkətin intensiv olduğu yerlərə qum və duz səpilib VİDEO
Bakı, 11 yanvar, AZƏRTAC
Paytaxtla yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, digər dövlət orqanları ilə birgə yollar, yol nişanları qardan və buzdan təmizlənib, hərəkətin intensiv olduğu yerlərə qum və duz səpilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının gördükləri tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilib. Kəskin hava şəraiti ilə bağlı polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində Sumqayıt şəhərində bu günlər ərzində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.