CƏMİYYƏT


Sumqayıtda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı profilaktik tədbirlər keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində son dövrdə yoluxanların sayının kəskin aşağı düşməsi müşahidə olunmaqdadır. Bütün bu hallar nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu tibbi maskalardan istifadə edilməməsi kimi hallara da tez-tez yol verilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bütün bunlar nəzərə alınaraq polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir iyunun 11-də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyənləşdirilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

DİN vətəndaşlara müraciət edərək bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək, şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq istifadə etsinlər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması hər birimizin öz əlindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.