ELM VƏ TƏHSİL
Sumqayıtda istedadlı şagirdlərin seçimi aparılır
Bakı, 17 oktyabr, AZƏRTAC
Sumqayıt şəhərində istedadlı şagirdlərin aşkara çıxarılması, onların elmi potensiallarının inkişafı istiqamətində müəyyən layihələrin həyata keçirilməsi və beynəlxalq olimpiadalara hazırlaşacaq aşağı yaş qrupu şagirdlərinin müəyyənləşdirilməsi məqsədilə seçim imtahanı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Təhsil İnstitutu ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə keçirdiyi seçim imtahanında riyaziyyat fənni üzrə 7-ci sinif, fizika, kimya, informatika və biologiya fənləri üzrə isə 8-ci sinif şagirdləri iştirak ediblər.
İmtahanda riyaziyyat fənni üzrə 381, fizika fənni üzrə 215, kimya fənni üzrə 152, biologiya fənni üzrə 193 və informatika fənni üzrə 100 şagird olmaqla ümumilikdə 1.041 şagird iştirak edib. İmtahanın nəticələrinə əsasən Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində yaradılmış olimpiadalara hazırlıq mərkəzlərinə cəlb ediləcək şagirdlər müəyyənləşdiriləcək.
Qeyd edək ki, artıq üç ildir ölkəmizdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Xüsusi istedadı və bacarığı ilə seçilən şagirdlərin aşkarlanması və onlarla məqsədyönlü işlərin aparılması Təhsil Nazirliyinin ən prioritet məsələlərindəndir.