CƏMİYYƏT
Sumqayıtda keçmiş məhkumdan 7 kiloqramdan çox heroin və marixuana aşkarlanıb VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.
Onun üzərində hal şahidlərinin iştirakı ilə axtarış keçirilən zaman 2 qram heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub.
Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.