REGİONLAR
Sumqayıtda modul tipli xəstəxana yaradılır
Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası səngimək bilmir. Vətəndaşların sağlamlığının təhlükəsizliyi, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının aprelin 7-də imzaladığı Sərəncamla koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması üçün Maliyyə Nazirliyinə 14,8 milyon ayrılıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində modul tipli 190 çarpayılıq hospitalın tikintisinə start verilib. Artıq ərazi müəyyənləşib və hazırlıq işləri aparılır.
Sumqayıtın 45-ci məhəlləsində yerləşən 1 saylı Şəhər Xəstəxanasının 3 hektarlıq ərazisində somatik və infeksion korpuslar arasında tikilən hospital üçün hazırlıq işləri artıq başa çatıb. Tibb müəssisəsinin normal fəaliyyətini təmin edəcək su, təbii qaz, kanalizasiya, elektrik enerjisi xətləri çəkilib və ərazi tam hazır vəziyyətə gətirilib.
Bu yer heç də təsadüfi seçilməyib. Dövlət tərəfindən əsaslı təmir olunan Şəhər Xəstəxanası geniş infrastruktura malikdir. Burada poliklinika, infeksion korpus, doğum evi və digər şöbələr fəaliyyət göstərir.
Vacib missiyanın təcili yerinə yetirilməsi zərurəti nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidəki ağacların bir qisminin köçürülməsi, mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.
Bəzi insanlar ağacların hansı məqsədlə kəsildiyini bilmədikləri üçün, bunu haqlı olaraq narahatlıqla qarşılayıblar. Amma, sağlam həyatın təminatçısı, elə insan zəhməti ilə əkilib bəslənən yaşıllıq bu dəfə insanların həyatını cəllad kimi qıran koronavirus infeksiyasından qorumaq üçün özünü sanki qurban verib. Nazirlikdən bildirilib ki, ərazidə kəsilən ağacların yerinə əlavə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib.
Qeyd edək ki, bununla yanaşı 1 saylı Şəhər Xəstəxanasının nəzdində koronavirus infeksiyasının dəqiq diaqnostikasını apara bilən müasir laboratoriya da yaradılır.