CƏMİYYƏT


Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib

Bakı, 14 may, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə Sumqayıtçay ərazisində çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi təsdiqini tapıb. Ərazi nəzarətə götürülüb, narkotik tərkibli bitkiləri əkərək ona mütəmadi qulluq göstərən şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat tədbirləri görülüb.

Mayın 13-də ehtimal olunan şəxs günorta vaxtı çətənə kollarına qulluq etməyə, onları sulamağa başı qarışdığından polis əməkdaşlarının yaxınlaşmalarının fərqində olmayıb. O, təəccüb və çaşqınlıq içərisində guya əkdiyi güllərə su verdiyini iddia edib. Çaya yaxın ərazidə çətənə kollarını əkərək onlara həvəslə qulluq göstərərkən iş başında yaxalanan həmin şəxs 2-ci polis bölməsinə gətirilib. Onun Sumqayıt şəhər sakini Z.Cəfərov olduğu müəyyənləşdirilib.

Z.Cəfərov ilkin ifadəsində çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Həmin şəxs və maddi sübut kimi götürülmüş 8 çətənə kolu istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.