CƏMİYYƏT


Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçiriblər. Nəticədə 2 kiloqram 400 qrama yaxın narkotik vasitə və 149 psixotrop tərkibli dərman qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis idarəsinə şəhər ərazisində Qəmər Cəfərova və Sədat Cəfərovanın narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə məlumat verilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilən Sumqayıt şəhər sakinləri Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib. Polislər tərəfindən saxlanılan zaman Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə “metamfetamin” aşkar olunaraq götürülüb. O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən 817 qram heroin, 703 qram “metamfetamin”, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən “metadon” həbləri aşkarlanaraq götürülüb.

Qeyd edilib ki, ailə üzvlərinin evlərindən və üzərlərindən aşkarlanan narkotik vasitələr hazır bükümlər şəklində olub. Bu isə onu deməyə əsas verir ki, Qəmər Cəfərova və qızı Sədat Cəfərovanın saxlanılan günə qədər narkotik vasitələrin satışı ilə məşğul olublar.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Qəmər Cəfərova və Sədat Cəfərovaya məxsus narkotik vasitələrin şəhər ərazisinin müxtəlif yerlərində satışını həyata keçirən şəxs də saxlanılıb. Əməliyyat zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Sultanov tutulub. Onun üzərindən ümumilikdə 30 qrama yaxın heroin aşkarlanaraq götürülüb. İlkin dindirmə zamanı o, narkotik vasitələri Sədat Cəfərovadan satmaq məqsədilə aldığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən daha bir nəfər şəhər sakini Rəşad İbrahimli də saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdə 628 qram heroin və metamfetamin, eləcə də 8 ədəd “metadon” həbi aşkarlanıb. Rəşad İbrahimli ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə satmaq məqsədilə Sumqayıt şəhəri ərazisinə gətirdiyini bildirib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Aşkarlanan narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.